Bu gün Azərbaycan Dillər Universitetində (ADU) "Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi- Qardaş Köməyi" adlı Beynəlxalq Simpozium çərçivəsində ADU-da Sinxron Tərcümə Laboratoriyasının açılış mərasimi keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, açılış mərasimində ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun və Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Serdar Çamın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edirdi.
Açılış mərasimindən əvvəl çıxış edən ADU-nun rektoru, millət vəklili professor Səməd Seyidov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu bildirdi. Türkiyə Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini deyən S. Seyidov bu əlaqələrin günü-gündən yüksək səviyyəyə çatdığını qeyd etdi. Rektor qardaş xalqların çətin sınaq anında həmişə bir-birinə dayaq olduğunu qeyd etdi. Türkiyə-Azərbaycan münasibətlərinin yüksək mənəvi dəyərlər üzərində qurulduğundan danışan S. Seyidov bu əlaqələrin mənfəət məqsədi daşımadığını vurğuladı. ADU ilə Türkiyə universitetləri ilə olan əlaqələrdən söz açan S. Seyidov Hacettepe Universiteti ilə olan qarşılıqlı əməkdaşlığa diqqət çəkdi. Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) maliyyə dəstəyi ilə ADU-da Sinxron Tərcümə Laboratoriyasının qurulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Göstərilən dəstəyə görə TİKA rəhbərliyinə təşəkkürünü bildirən S. Seyidov bu əlaqələrin gələcəkdə də daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
O, rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrinə toxunaraq ADU-nun Avropanın bir sıra universitetləri, o cümlədən Strasburq, Leypsiq universitetləri və Milan Tərcüməçilik İnstitutu ilə olan əlaqələrindən söhbət açdı. Türkiyə universitetləri ilə əlaqələrin ADU üçün vacib olduğunu dedi.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun isə çıxışında ölkələr arasında olan qardaşlıq münasibətlərinə diqqət çəkdi. Diplomat Azərbaycanın yüksələn xəttə üzrə inkişaf etdiyini və türk xalqının bundan məmnun olduğunu bildirdi. İsmail Alper Coşkun hər iki ölkə arasında davam edən qardaşlıq və birlik münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
TİKA-nın prezidenti Serdar Çam çıxışında Azərbaycana 3-cü dəfə gəldiyini və özünü doğma bir məkanda hiss etdiyini bildirdi. Azərbaycanda gəncliyə və təhsilə olan xüsusi qayğı ilə yanaşıldığını deyən S. Çam ölkələrimiz arasında təhsil sahəsində olan əlaqələrdən danışdı. Rəhbərlik etdiyi qurumun 105 ölkədə layihələr həyata keçirdiyini və 30 ölkədə nümayəndəliyinin fəaliyyət göstərdiyinin diqqətə çatdırdı. ADU ilə əməkdaşlığa diqqət çəkən Serdar Çam əlaqələrin davamlı olacağına ümidvar olduğunu bildirdi.
Sonra ADU-nun Tərcümə fakültəsində ADU-nun rektoru Səməd Seyidovun, Türkiyənin fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun və TİKA-nın prezidenti Serdar Çamın iştirakıyla Sinxron Tərcümə Laboratororiyasının açılış rəmzini bildirən qırmızı lent kəsildi.
Qeyd edək ki, sabah simpozium ADU-da öz işini davam etdirəcək. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan- Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, professor Nizami Cəfərov, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun, Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri, professor Sərdar Çam açılış nitqləri ilə çıxış edəcəklər.
Sonra simpozium bölmələrdə öz işini davam etdirəcək. İki bölmədən ibarət olan simpozimun I bölməsinə Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan- Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, professor Nizami Cəfərov sədrlik edəcək. Bu bölmədə professor Cahit Baltacının "Türk İslam dünyasında xeyriyyəçilik", professor Firdövsiyyə Əhmədovanın "Türk dünyasında örnək bir xeyriyyəçi: Zeynalabdin Tağıyev", professor Betül Aslanın "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və Qardaş Yardımı" və Əhməd Niyazovun "Azərbaycanda Vəqflərin dünəni, bu günü və sabahı" mövzusunda məruzələri dinləniləcək.
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, professor Necdet Ünüvarın sədri olduğu II bölmədə isə Nazif Öztürk "Türkiyədə Vəqf ənənəsi", professor Minəxanım Nuriyeva "Tariximizdə Azərbaycan qadınlarının xeyriyyəçilik fəaliyyətləri", Mazhar Bilgin "Türkiyədə QHT-lər və onların beynəlxalq fəaliyyətləri ", və Alican Tatlı "Mədəniyyət tariximzdə xeyriyyəçilik" mövzularından bəhs edəcəklər. Simpozium bağlanış nitqləri ilə başa çatacaq.
Qeyd edək ki, simpoziumun keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə iki qardaş dövlət arasındakı qardaşlıq əlaqələrinin tarixi həqiqətlərini çatdırmaq və keçmişdən günümüzə xeyriyyəçilik ənənələrinin mahiyyətini izah etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB