Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov 31 oktyabr-1 noyabr tarixlərində Bakıda "Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü - mövcud təcrübə və perspektivlər" mövzusunda beynəlxalq konfransda iştirak edən İtaliya nümayəndə heyətinin bir neçə üzvünü qəbul edib. ADU-dan SİA-ya verilən məlumata görə, rektor qonaqları salamlayaraq universitet haqqında onlara qısa məlumat verib. O, ADU-nun Bolonya prosesinə qoşulan ilk dövlət ali təhsil ocağı olduğunu qeyd edib. Bakıda keçirilən konfransın vacibliyindən söz açan Səməd Seyidov İtaliya Universitetləri ilə ADU arasındakı xüsusi əməkdaşlıqdan danışıb. O, İtalyan dilinin tədrisinin ADU-da uğurla aparıldığını qeyd edib. İtalyan dilinə böyük marağın olduğunu vurğulayan rektor vaxtilə bu ixtisasda 8 tələbənin təhsil aldığını və hazırda Tərcümə fakültəsində 40 tələbənin italyan dili öyrəndiyini bildirib. Səməd Seyidov həmçinin ADU-da İtaliyadan olan müəllimlərin çalışdığını vurğulayıb. İtaliyanın Peruca Universiteti ilə əlaqələrə toxunan rektor, professor S.Seyidov ADU-nun beynəlxalq əlaqələrindən danışıb. İtaliyanın Milan Tərcüməçilik İnstitutu ilə əlaqələrinin yüksək səviyyədə olmasından söz açan rektor Səməd Seyidov bu günlərdə ADU-nun nümayəndə heyətinin sözügedən instituta səfərinə də toxunub.
Venesiya Universitetinin prorektoru və Konfutsi İnstitutunun direktoru Marko Tereza səmimi qəbula görə təşəkkür etib və ADU-da olmaqdan məmnun olduğunu dilə gətirib. O, ADU-da İtalyan dilinin və mədəniyyətinin tədrisini yüksək qiymətləndirdiyini bildirib. Təmsil etdiyi universitetdə dillərin tədris olunduğunu və bu dillərin sırasında rus, erməni, gürcü, fars dillərinin də olduğunu deyən, M.Tereza ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. O, həmçinin Venesiya Universitetinin tələbələrinin ADU-da, ADU tələbələrinin Venesiya universitetində təhsil ala bilmələri ilə yanaşı, eyni zamanda bir çox sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu da qeyd edib.
Rektor Səməd Seyidov bu təklifi yüksək qiymətləndirərək ADU-nun bu sahədə təcrübəsinin olduğunu deyib. O, hər yay ADU-ya ABŞ Dövlət Departamentinin xüsusi proqramı ilə əcnəbi tələbələr üçün təşkil olunmuş Yay Məktəbinə amerikalı tələbələrin gəldiyini vurğulayıb. Rektor onların 8 həftə ərzində Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrəndiklərini qonaqların diqqətinə çatdırıb.
Görüşdə həmçinin tələbə - müəllim mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar ADU-nun İnformasiya Resurs Kompleksi, bir sıra mərkəz və şöbələri ilə yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB