Bu gün Sumqayıt Dövlət Universitetində (SDU) "Monomerlər və polimerlər kimyasının müasir problemləri" II Respublika Elmi Konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransın plenar iclasını SDU-nun rektoru, professor Nadir Qəhrəmanov açaraq konfrans barədə məlumat verib. Rektor qeyd edib ki, SDU tərəfindən bugünədək 17 beynəlxalq, 28 respublika konfransı keçirilib. Son 10 ildə universitetin 17 əməkdaşı elmlər doktoru, 84-ü isə elmlər namizədi adını alıb: "Ölkəmizin iqtisadi inkişafı bütün istiqamətlər üzrə yeni texnologiyalar mənimsəmiş kadrların yetişdirilməsini tələb edir ki, SDU bu baxımdan ölkəmizin qabaqcıl ali təhsil ocaqlarından biri kimi çıxış edir".
Daha sonra çıxış edən Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, SDU-nun professoru Abbas Quliyev bildirib ki, ölkəmizin hazırkı inkişafı elmi tapıntıları da zəruri edir. AMEA-nın Rəyasət heyətinin akademik katibi akademik Vaqif Fərzəliyev də bu cür elmi konfransların sıx şəkildə keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib.
Sonra isə konfarnsda məruzələr olub. AMEA-nın Aşqarlar Kimyası İnstitutunun laboratoriya rəhbəri, professor Əli Əhmədov vinil monomerləri əsasında polimerlər və birgə polimerlərin neft sənayesində tətbiqi barədə məlumat verib.
AMEA-nın Neft-kimya prosesləri İnstitutunun laboratoriya rəhbəri, professor Münəvvər İbrahimova radikal polimerləşmə, sabit radikallar və onların sənayedə alınması və tətbiqi barədə danışıb. SDU-nun professoru Niyazi Rəsulzadə isə polifunksional polimerlərin xassələri barədə məruzə ilə çıxış edib. Polimer Materialları İnstitutunun laboratoriya rəhbəri, professor Bəxtiyar Məmmədov poliaminoarenlərin stabil elektrik keçiriciliyinə malik nanokompozisiyaları barədə nitq söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB