"Şəxsən mən bu gün ali məktəblərə testlə qəbulun ləğv edilməsinin tərəfdarı deyil, əksinə onun daha da təkmilləşdirilməsinin tərəfdarıyam". SİA-nın xəbərinə görə, bunu Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, "Təhsil haqqında" qanunda nəzərdə tutulan bəzi müddəaların olduğu kimi, sistemin təkmilləşdirilməsi üçün testlərin hazırlanma səviyyəsi təsbit olunmalı, regional mərkəzlər yaradılmalı, abituriyentlərə maksimum səviyyədə seçim imkanları verilməlidir. Artıq bu təcrübələr tətbiq olunur. Əsas məsələ isə testin keyfiyyətinin yüksəldilməsidir", - deyə o əlavə edib.
Ş.Hacıyev qeyd edib ki, bütün bu və ya digər məsələlər "Ali təhsil haqqında" qanun layihəsində öz əksini tapacaq. Bu qanunla bağlı işlərin hələ ki yekunlaşmadığını deyən komitə sədri qeyd edib ki, qanun hazırda işçi qrupu səviyyəsində hazırlanır: "Amma yaxın illərdə Azərbaycanda orta məktəblərin mərkəzləşdirilmiş test imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsi mümkün ola bilər. Biz hələ ki, bununla bağlı məsləhətləşir, ictimai fikri öyrənirik. Amma hər halda bəzi ölkələrin təcrübəsi onu göstərir ki, bu sistem özünü doğruldur. Bəzi ölkələrin təcrübəsi isə onu göstərir ki, bu, özünü doğrultmur. Biz də bu təcrübələri öyrəndikdən sonra yekun qərara gələ bilərik".