Misir Mərdanov təhsildən narazıdır

Misir Mərdanov təhsildən narazıdır

"Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı" çərçivəsində İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı qaneedici deyil, bu say artırılmalıdır. SİA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov "Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, qeyd edilən proqrama İtaliyanın 24 universiteti cəlb edilsə də, hazırda bu proqram çərçivəsində həmin ölkədə yalnız 4 nəfər oxuyur.

Nazir deyib ki, hazırda Azərbaycanın bir çox universitetləri İtaliya ilə əməkdaşlıq edir. Bu əlaqələr daha çox Avropa İttifaqının Tempus proqramı çərçivəsində qurulub.

M.Mərdanovun sözlərinə görə, İtaliya və Azərbaycanın illik ticarət dövriyyəsinin böyük olmasına baxmayaraq, təhsil sahəsində əlaqələr çox aşağı səviyyədədir. Bu əlaqələrin daha da inkişaf etməsi fikrində olan M.Mərdanov bildirib ki, yalnız ali təhsil üzrə deyil, təhsilin bütün pillələri və səviyyələri üzrə əlaqələr inkişaf etməlidir.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə