Bu gün Təhsil Nazirliyində "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsinin təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, yeni layihə "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı" Dövlət Proqramı çərçivəsində icra olunur. Bu layihə Təhsil Nazirliyi ilə "Hilvfsverk Avstriya" beynəlxalq təşkilatının birgə işbirliyi nəticəsində hazırlanıb.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov vurğulayıb ki, tədbirin keçirilməsində məqsəd layihə çərçivəsində yaradılması nəzərdə tutulan alternativ xidmətlərin maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr aparmaqdır: "Layihə çərçivəsində valideyn himayəsindən məhrum olan və daimi müəssisədə yaşayan 10 nəfər uşaq üçün ailə tipli kiçik qrup ev tikilib və uşaqların istifadəsinə verilib. Hazırda kiçik qrup evlərin saxlanması xərcləri layihəyə ayrılan vəsait hesabına həyata keçirilir. Layihə başa çatdıqdan sonra evin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənilməsi nəzərdə tutulur".
Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, Nazirlər Kabinetinin "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsinin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar ailə sisteminin və ailə tipli kiçik qrup evi modelinin yaradılmasıdır.
Tədbirin davamında çıxış edən Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç layihənin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB