Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın Milan Dilçilik İnstitutunda olublar. SİA-nın xəbərinə görə, səfər çərçivəsində nümayəndə heyəti Milan Tərcüməçilik İnstitutunun 2012-2013-cü tədris ilinin başlanması münasibəti ilə keçirilən təntənəli açılış mərasimində iştirak ediblər. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun rəhbərliyi ilə baş tutan səfərdə, həmçinin, Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili, akademik İsa Həbibbəyli, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov da həmin tədbirə qatılıblar.
Açılış mərasimində Milan Dilçilik İnstitutunun direktoru Pietro Şenone Azərbaycandan olan böyük nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və TEMPUS proqramı çərçivəsində hər üç ali məktəbin səmərəli əməkdaşlıq etdiyini qeyd edib. O bildirib ki, xüsusilə ADU ilə əlaqələrə önəmli əhəmiyyət verirlər. Pietro Şenone bu günədək ADU ilə qurulan qarşılıqlı əlaqələr nəticəsində hər iki universitetlər arasında tələbə-müəllim mübadiləsini vurğulayıb. Gələcəkdə bu əlaqələrin yeni layihələr çərçivəsində davamlı olmasını arzuladığını sözlərinə əlavə edib.
Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Azərbaycandan gələn nümayəndə heyətini məktəbin kollektivinə təqdim edib. O bildirdi ki, Milan Dil Məktəbinə yalnız ADU-dan deyil, Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili, akademik İsa Həbibbəyli, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov və professor heyəti gəlib. Rəhbərlik etdiyi universitetdə 5000-dən çox tələbənin təhsil aldığını deyən S. Seyidov ADU-da İtalyan dili ixtisasının olduğunu və bu dilə tələbələrin maraqla yanaşdığını qeyd edib. O, italyan dilinin Azərbaycanda xüsusi rola malik olduğunu bildirdi. İtalyan dili ixtisasında təhsil alan tələbələrin artığını deyən S. Seyidov bu irəliləyişin dilə olan maraqdan irəli gəldiyini vurğulayıb.
ADU-nun rektoru Milan Dil Məktəbinin beynəlxalq münasibətlərin qurulmasında körpü rolu oynadığını və əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. O, tərəfdaşlığın yeni imkanlar açdığını qeyd etdi. Azərbaycanın günü-gündən inkişaf etdiyini söyləyən rektor İqtisadiyyatın əksər sahələrində beynəlxalq əlaqələrin qurulduğunu, eləcə də bu əlaqələrin təhsil, mədəniyyət sahəsində də inkişaf etdiyini bildirib. Bu gün Azərbaycanda digər universitetlərdə də çağırış sistemində dəyişikliklər baş verib deyən S. Seyidov gələcəkdə Avropanın digər tanınmış universitetləri ilə də çağırış sisteminin qurulacağını və əlaqələr sayəsində tələbələr üçün əlverişli imkanlar olacağına ümidvar olduğunu deyib. O, vurğulayıb ki, yeni layihələrin həyata keçirilməsi və digər əlaqələr Azərbaycan üçün geniş imkanlar yaradır. Milan Dil Məktəbinin rəhbərliyinə dərin təşəkkürünü bildirən S. Seyidov onları ADU-ya dəvət edib.
Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili, akademik İsa Həbibbəyli mərasim iştirakçılarına rəhbərlik etdiyi universitet haqda ətraflı məlumat verib. Avropa Birliyinin TEMPUS proqramını yüksək qiymətləndirən rektor bu proqramının təhsil sahəsində mühüm əhəmiyyət kəsb etdiyini və səmərəli əməkdaşlığa malik olduğunu qeyd edib. TEMPUS proqramı çərçivəsində Azərbaycandan olan universitetin ADU-nun ilk idarəçiliyini və Azərbaycan tərəfindən ilk koordinasiyasını aparmasını Azərbaycan təhsilinin böyük uğuru kimi qiymətləndirib. Akademik İsa Həbibbəyli TEMPUS proqramı çərçivəsində məhz professional tərcüməçilik sahəsində xeyli irəliləyişlər olduğunu bildirib.
O, Naxçıvan Dövlət Universitetinin və Azərbaycandan olan və proqramda iştirak edən digər ali məktəblərin müəllim və tələbələrinin bu layihənin nailiyyətlərindən yararlandığını da sözlərinə əlavə edib. O bildirib ki, ölkəsi 20 ildir ki, müstəqildir. Yeni tədris ilinin rəsmi açılış mərasimindən sonra nümayəndə heyəti İnstitutun inzibati binalarında İnstitutla yaxından tanış olublar. Sinxron tərcümə kabinələrinə baş çəkdilər, maddi-texniki baza ilə yaxından tanış olublar.
Azərbaycandan olan nümayəndə heyəti hər üç universitetin rektorları - professor Səməd Seyidov, akademik İsa Həbibbəyli və professor Asəf Zamanov Milan Musiqi məktəbində təşkil olunmuş seminarda da iştirak ediblər.
Xatırladaq ki, ADU-nun "Azərbaycanda şifahi və yazılı tərcümənin tədrisi sahəsində islahatlar" adlı layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü Çağırış üzrə elan etdiyi müsabiqədə qalib gəlmişdir. Layihədə Azərbaycandan olan universitet - Azərbaycan Dillər Universiteti sadəcə partnyor – iştirakçı deyil, layihənin rəhbəri (koordinatoru) kimi çıxış edib. Öz - özlüyündə bu, Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsinə, islahatların daha da inkişaf etdirilməsinə və Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına təkan verib. Bütövlükdə layihədən 230-dan artıq tələbə, 350-dək professor - müəllim heyəti və 30-dək inzibati heyət yararlanıb. Sözügedən layihənin seçilməsi Azərbaycan təhsil sisteminin böyük nailiyyəti kimi qeyd olunmalıdır. Bu, Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyası olub. Layihənin məqsədi Boloniya prosesinin tələblərini Azərbaycanda tərcümənin tədrisində islahatlar aparmaq, tədris planlarını, tədris və təlim prosesini daha da təkmilləşdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB