Azərbaycan Dillər Universitetində (ADU) universitetin İtalyan dili kafedrasının və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən XII dünya italyan dili həftəsinə yekun vurulub. SİA-nın xəbərinə görə, bağlanış mərasimində İtaliyanını Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi, Milan Dil Məktəbinin professoru Silvia Vassalo, İtalyan dili kafedrasının müdiri Kəmalə Əliyeva və Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələr iştirak edib.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi çıxış edərək bu kimi tədbirlərin ölkələrimiz arasında qurulan əməkdaşlığını inkişafında vacib əhəmiyyət kəsb etdiyini bildirib. Təhsil sahəsində əlaqələrdən danışan M.Baldi vurğulayıb ki, İtaliyanın Peruca, Syena universitetləri və Milan Dil Məktəbi ilə ADU arasında əməkdaşlıq telləri mövcuddur. O qeyd edib ki, bu əməkdaşlıq sayəsində İtaliya universitetləri və ADU arasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilir. Bu münasibətlərin gələcəkdə də artan temp üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə bildirilib ki, İtaliyanın 20 regionu mövcuddur və bu regionlarını öz dialektləri var. Tələbələr bu dialektlərdə şerlər söyləyib, mahnılar ifa edib, səhnəciklər göstəriblər. İtaliya mədəniyyətinin nümunələrindən ifa edilən rəqslər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, ADU-da XII dünya italyan dili həftəsi oktyabrın 16-da başlayıb. Həftə çərçivəsində italyan professor Silvia Vassalo ADU-nun Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələrə seminar keçib. Bununla yanaşı, İsveçrənin və İtaliyanın Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə 2 sənədli film nümayiş olunub. ADU-nun italyan dili ixtisasında təhsil alan tələbələrlə İtaliya səfirliyinin əməkdaşları arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib. İtalyan rejissor Emmanuel Krialezenin "Terraferma" filmi izlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB