Xaricdə nə qədər azərbaycanlı tələbə təhsil alır? Rəsmi açıqlama

Xaricdə nə qədər azərbaycanlı tələbə təhsil alır? Rəsmi açıqlama

"Azərbaycanlı tələbələr xaricdə həm 2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində, həm də tərəfdaş ölkələrin Azərbaycana verdiyi təqaüd hesabına təhsil alırlar. Hazırda Dövlət proqramı çərçivəsində 2012-2013-cü illər üçün dünyanın 200-dən çox universitetində 1200-dən artıq azərbaycanlı tələbə təhsilini davam etdirir". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu ölkələr arasında say baxımından Almaniya, Türkiyə, Niderland, Böyük Britaniya, Fransa, ABŞ, Avstraliya, Cənubi Koreya kimi ölkələrinin adını çəkmək olar. Nazir müavini bildirib ki, ikitərəfli müqavilə çərçivəsində daha 500-ə yaxın tələbə Rusiya, Türkiyə və başqa ölkələrədə təhsillərini davam etdirir.

"2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində indiyədək 1800-ə yaxın gənc təhsil almaq üçün xaricə göndərilib. Onların 500-dən artığı artıq məzun olublar. Bir hissəsi növbəti pillələr üzrə xaricdə təhsilini davam etdirir. Oğlan məzunlar arasında hərbi xidmətdə olanlar var, 100-lərlə gənc isə ölkəyə qayıdıb iqtisadiyyatın müxtəlif sahələrində, dövlət sektorunda, ali məktəblərdə fəaliyyətə başlayıblar", - deyə Q.Novruzov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə