Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşəbbüsü ilə Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə şair-dramaturqun həyat və yaradıcılığına həsr olunan açıq dərs keçirilib. SİA-nın xəbərinə görə, dərsə rəhbərlik edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi dosent Dilbər Zeynalova "İblis", "Topal Teymur", "Xəyyam" kimi bir çox sevilən və düşündürücü əsərlərin müəllifi olan dramaturq haqqında fakültənin IV kurs tələbələrinə məlumatlar verib. Açıq dərsdə həmin kafedranın müdiri Fəridə Səfiyeva da müşahidəçi kimi iştirak edib öz qeydlərini aparıb. D.Zeynalova lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan, öz dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əks etdirən H.Cavidin yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsindən bəhs edərək, dramaturqun bu faciədə dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirməsi, işğalçı müharibələrə lənət yağdırmasından bəhs edib.
Bu açıqlamalardan sonra tələbələr "İblis" mənzum faciəsi ilə bağlı öz fikirlərini bölüşdülər və rus yazıçısı M. Lermontovun "İblis"ini xatırlayaraq bu iki obrazı öz yanaşmaları ilə müqayisə ediblər. Açıq dərsdə texnoloji vasitələrdən də istifadə edərək tələbələrə H. Cavidin həyat və yaradıcılığını əks etdirən qısametrajlı film təqdim olunub. Filmdə daramaturqun həyat yoldaşı Müşkünaz xanımla tanışlığından başlayaraq keşməkeşli günlərinə qədər bütün ömür yolu canlandırılıb.
Filmdə Müşkünaz xanımın dilindən həyat yoldaşına söylədiyi fikirlər, dramaturqun yaradıcılığından bir neçə əsərlərdən parçalar səsləndirilib. Filmdə, həmçinin 1937-ci il iyunun 4-də H.Cavidin "xalq düşməni" adı altında həbsinin dramaturqa və onun ailəsinə böyük zərbə vurduğunu dramaturqun yaxın insanları kədərlə xatırladıblar. Film bitdikdən sonra tələbələr sualları ilə D.Zeynalovaya müraciət ediblər və filmin müzakirəsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB