Azərbaycan xalqı ona görə xoşbəxtdir ki.......!

Azərbaycan xalqı ona görə xoşbəxtdir ki.......!

Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SDU-dan SİA-ya verilən məlumata görə, universitetin rektoru, professor Nadir Qəhrəmanov bildirib ki, 90-cı illərin əvvəllərində ölkəmiz və xalqımız böyük təhlükələrlə üz-üzə idi, hətta yenicə qazanılan müstəqilliyimizin uzunömürlü olacağına da təminat yox idi: "Yalnız xalqın təkidi ilə yenidən hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyevin qısa zamanda gördüyü tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böhranlı vəziyyətdən çıxa bildi. Sonrakı illərdə ölkəmiz Ulu öndərin müəyyənləşdirdiyi siyasi strategiyaya uyğun olaraq inkişaf etməyə, yerləşdiyi regionun lider dövlətinə çevrilməyə başladı. 2003-cü ildən sonra isə Ümummilli liderin siyasi kursunun davamçısı prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər ölkəmizi sürətli inkişaf mərhələsinə çıxardı. Təsadüfi deyil ki, artıq ölkəmiz öz inkişaf dinamikasına görə dünyanın ən qabaqcıl ölkələrindəndir. Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun taleyində Heydər Əliyev kimi dahi şəxsiyyət olub, Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun İlham Əliyev kimi prezidenti var".

Daha sonra çıxış edən universitetin Ümumi tarix kafedrasının müdiri Şirxan Səlimov ölkəmizin, xalqımızın dövlətçilik ənənələrindən, bugünkü müstəqillik tarixindən danışıb. Təbiət və texniki fənlər üzrə Azərbaycan tarixi kafedrasının müdiri Əmirxan İsayev ölkəmizin sürətli inkişaf dinamikasından danışıb. Bildirilib ki, bu inkişafın kökündə düşünülmüş və çevik siyasət dayanır.

Universitetin riyaziyyat fakültəsinin 3-cü kurs tələbəsi Lamiyə Abbasova Azərbaycanın müstəqilliyə doğru gedən yolda qarşılaşdığı çətinliklərdən və dahi lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra qazanılmış uğurlardan bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə