İzmirdə Heydər Əliyev Texniki-Sənaye Peşə Liseyi açıldı FOTO

İzmirdə Heydər Əliyev Texniki-Sənaye Peşə Liseyi açıldı FOTO

Təməli ötən il oktyabrın 25-də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində ''Star'' neft emalı zavodu ilə eyni vaxtda qoyulan Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin inşası tamamlanmış və məktəb Əliağa Milli Təhsil İdarəsinə təhvil verilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş bu liseyin tikintisi qısa müddət ərzində, cəmi 270 günə başa çatdırılıb. Liseyin tikintisi davam edərkən burda təhsil almaq istəyən şagirdlər üçün müsabiqə elan edilib və 180 nəfər seçilib.

Gələcəkdə şagirdlərin sayının 720 nəfərə çatdırılması planlaşdırılır. "SOCAR-Türkiyə Enerji" şirkətinin prezidenti və "Petkim" neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz ümummilli lider Heydər Əliyevin adını daşıyan liseyin Türkiyə-Azərbaycan əməkdaşlığının təhsil sahəsində ən önəmli simvoluna çevriləcəyini bildirib. K.Yavuz qeyd edib ki, Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi hazırda Türkiyənin ən gözəl və modern təhsil ocaqlarından biridir.

Liseydə təhsil alan şagirdlər tədris prosesində istehsalat praktikasına cəlb ediləcək, ən bacarıqlı məzunlar isə SOCAR-ın Türkiyə və Azərbaycanda həyata keçirdiyi layihələrdə işlə təmin olunacaqlar.

Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi 22 hektar ərazidə kampus sisteminə uyğun qurulub. 216 şagird üçün pansionat tipli yataqxana və 300 nəfərlik konfrans zalına malik liseyin sinif otaqları müasir texniki avadanliqlarla təchiz edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə