Azərbaycan Dillər Universitetində (ADU) universitetin, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin və Bakı Oksford Məktəbinin təşkilatçılığı ilə İspan dili gününə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ADU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. Qonaqları salamlayan ADU-nun Tərbiyə işlər üzrə prorektoru Ələddin Əliyev bildirib ki, bu kimi tədbirlərin universitetdə keçirilməsi ənənə halını alıb.
Prorektor ADU-da ispan dilinin ötən əsrin 60-cı illərindən tədris olunduğunu və bu dilə tələbələrin böyük maraq göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Kubanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina Kinteron isə çıxışında ADU-da olmaqdan məmnun olduğunu bildirib. Ispan dilinin zənginliyindən danışan Omar Senon Medina Kinteron mədəniyyətlərarası dialoqun qurulmasında bu dilin önəmli rol oyadığını vurğulayıb.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin rəhbəri Envera Selimoviç tədbirin məqsədindən danışıb. E.Selimoviç qeyd edib ki, tədbir gənclər arasında çoxdilliliyi və mədəni müxtəlifliyə qarşı hörməti aşılamaq məqsədilə keçirilir. O deyib ki, İspan dili günü dünyada sayca 3-cü dəfədir ki, qeyd olunur.
ADU-nun tələbələri və Bakı Oksford Məktəbinin şagirdləri ispan dilində şeirlər deyiblər, ispan mahnıları oxuyublar, rəqslər ediblər.
Sonda isə ispan dilində ADU tələbələrinin hazırladığı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" operasından səhnəciklər nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB