ADU-da növbəti qonaq

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Həştərxan Dövlət Universitetinin Dil İnstitutunun direktoru Olqa Yeqorovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, rektor qonaqları salamlayaraq onlara universitet haqqında məlumat verib və beynəlxalq əlaqələrin universitetdə aparıcı yerlərdən birini tutduğunu deyib. Rusiya ali məktəbləri ilə Azərbaycan ali təhsil ocaqları arasındakı əlaqələrə toxunan rektor bunların ADU-da inkişaf etdiyini vurğulayıb.

Səməd Seyidov ADU-nun Avropa layihələrində iştirakı haqqında danışıb. Rektor ABŞ Dövlət Departamentinin proqramı ilə hər il 11 tələbənin ADU-ya yay məktəbində Azərbaycan dilini öyrənməyə gəldiklərini vurğulayıb. Bu baxımdan ADU-nun təcrübəsinin olduğunu qonağın diqqətinə çatdırıb.

Həştərxan Dövlət Universitetinin Dil İnstitutunun direktoru Olqa Yeqorova isə ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qonaq Azərbaycanla əlaqələrin dövlət səviyyəsində ən yüksək mərhələdə olduğunu deyib. Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Həştərxanda Azərbaycan-Rusiya Dostluq körpüsünün açılışını etdiyini xatırladıb. Təmsil etdiyi universitetdə həm Azərbaycan, həm də Qazax dilinin ikinci dil kimi tədris olunduğunu diqqətə çatdırıb. Həştərxan Dövlət Universitetinin Tərcümə fakültəsində gələcək tərcüməçilər üçün Azərbaycan dilinin ikinci xarici dil kimi tədrisinin mümkünlüyünü önə çəkib. Tələbələrin Avropa Komissiyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlarda təcrübə keçdiklərini bildirən Olqa Yeqorova birgə layihələrdə maraqlı olduğunu deyib. Qonaq əməkdaşlıq üçün ADU-ya gəldiyini bildirib. O, ADU-nun Tərcümə fakültəsi ilə əlaqələrin qurulmasına böyük diqqət göstərdiyini qeyd edib.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə