Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seydiov İndoneziyanın sabiq Xarici İşlər naziri, İndoneziyanın Prezident Məsləhətçiləri Şurasının üzvü, Sülh və Demokratiya İnstitutunun himayədarı Hassan Virajudanı qəbul edib. SİA-nın xəbərinə görə, rektor qonağı salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu dilə gətirib.
O, ADU ilə İndoneziya arasındakı əlaqələri yüksək qiymətləndirdiyini qeyd edib. Rektor S.Seyidov tələbə və müəllimlərin İndoneziya dilinə böyük maraq göstərdiklərini və bu ölkənin mədəniyyətini sevdiklərini bildirib. O, ADU-nun İndoneziya ilə əlaqələrinin inkişafında ADU-nun professoru Həbib Zərbəliyevin böyük rolu olduğunu vurğulayıb və ADU-nun İndoneziya Araşdırma mərkəzinin direktoru Laura Zərbəliyevanın fəaliyyətini yüksək qiymətləndirib.
Professor Səməd Seyidov tələbələrin İndoneziya mədəniyyəti, tarixi və dilini həvəslə öyrəndiklərini qonağın nəzərinə çatdırıb. Bu sahədə səfirliyin ADU ilə əməkdaşlıq etdiyini deyən rektor ADU-da İndoneziya mədəniyyətinə aid müxtəlif tədbirlərin, sərgilərin təşkil olunduğunu xatırladıb. S.Seyidov belə layihələrin İndoneziya səfirliyi ilə əməkdaşlıqda keçirildiyini vurğulayıb.
İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycana gəldiyini deyən qonaq, bu forumu çox yüksək qiymətləndirdiyini və mədəni dialoqun vacibliyini deyib. O, Azərbaycan və İndoneziya arasında müəyyən oxşarlıqların olduğunu nəzərə çatdırıb və Azərbaycanın günü-gündən dəyişib inkişaf etdiyini öz gözləri ilə gördüyünü qeyd edib. Qonaq Bakının gözəlliyini xüsusi vurğulayıb.
Qəbuldan sonra Hassan Virajuda universitetin İndoneziya Araşdırmalar Mərkəzində ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. O, tələbələr qarşısında çıxış edib, onların suallarını cavablandırıb. Hassan Virajuda tələbələrin dil vərdişlərinə heyranlığını gizlətməyib. Sonda Universitet tərəfindən qonağa hədiyyə təqdim olunub.
Qeyd edək ki, görüşdə İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyantono və səfirliyin əməkdaşları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB