Rusiya və Gürcüstanın diplomları saxtadır!

Rusiya və Gürcüstanın diplomları saxtadır!

"Bu gün Rusiya və Gürcüstandan alınan saxta diplomlar daha çox üstünlük təşkil edir. Bunu dəfələrlə qeyd etmişik. Ancaq hər zaman da onların qarşısını almağa çalışırıq". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdnaov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bəzən elə hal olub ki, bir ali məktəbə verilmiş diplom nəzərdə tutulmuş insana verilməyib. M.Mərdanov vurğulayıb ki, hələlik nazirlikdən diplomları ali məktəblərə verərkən orada institutu bitirən adamın adı yazılmır.

"Ali məktəblər siyahını nazirliyə təqdim edir, o say əsasında da biz ali məktəblərə diplom veririk. Amma düşünürəm ki, orta məktəblərə attestatlar nömrə ilə verildiyi kimi, gələcəkdə ali məktəblərə diplomlar da nömrə ilə verilsə, bu problem həll olunar. Təhsil Nazirliyinin arxivinə baxmaqla Bakı Dövlət Univeristetində 2000-ci ildə neçə bakalavr diplomunun verildiyini görmək olar. Amma hələlik o diplomun kimə verilməsi bazasını yarada bilməmişik. Hazırda ali məktəb məzunlarının diplomları ilə bağlı yeni baza yaradılır. Baza ya bu, ya da gələn il yaradılandan sonra bir çətinlik olmayacaq", - deyə M.Mərdanov əlavə edib.

Təhsil nazirinin sözlərinə görə, Azərbaycanda saxta diplomla bağlı vəziyyət digər ölkələrlə müqayisədə o qədər də ciddi xarakter daşımır. O qeyd edib ki, belə diplomlar hansısa işbaz adamların vasitəçiliyi ilə düzəlir: "Mən təsəvvür etmirəm ki, Azərbaycanda hansısa bir ali məktəbdə kiməsə saxta diplom verilsin. Bu, yalnız saxta pul çap edən kimi saxta diplom çap edən bəzi işbazların işidir. Belə hallar zaman-zaman hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır və onlar öz cəzalarını alırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə