Nazir sərt danışdı

"Arxasında "pulsuz" yazılan dərsliklərin satılması qanunsuzdur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, kim belə addım atırsa, o qanun qarşısında cavab verməlidir. M.Mərdanovun fikrincə, buna həm Təhsil Nazirliyi, həm də müvafiq orqanlar nəzarət etməlidir.

Nazir bu kitabların hansı yollarla ölkə bazarlarına çıxarılmasına da münasibət bildirib: "Bu məsələdə müxtəlif variantlar ola bilər, amma mən onların hamısını sadalaya bilmərəm. Bəzi məktəblərdə kimlərsə şagirdin sayını çox göstərərək kitabları çox alır və sonradan artığını satırlar. Mən bu barədə konkret və dəqiq nəsə deyə bilmərəm. Bəzən də ola bilər ki, nəşriyyatlar kitabı çap edərkən pulsuz yazsalar da sonradan onu satırlar. Hər halda həqiqət məlum olmalı və bundan sonra ona uyğun olaraq tədbirlər görülməlidir".

M.Mərdanov qeyd edib ki, artıq bəzi məktəblərdə dərslik çatışmazlığı məsələsi də öz həlllini tapıb. O vurğulayıb ki, I siniflərdə də müəyyən kitab çatışmazlığı problemi var idi və artıq bu məsələ öz həllini tapıb. Nazirin sözlərinə görə, bütün məktəblərə rəsmi şəkildə məktub yazaraq müraciət edilib ki, heç kəs dövlətin pulu ilə çap olunan kitabları pulla almamalıdır: "Həmin kitabların hər birinin üzərində "pulsuz" yazılıb. Bu məsələ ilə bağlı hər il monitorinq keçirmişik və bu proses cari ildə də davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə