Yeni elektron sistem təqdim olundu

Yeni elektron sistem təqdim olundu

Bu gün Təhsil Nazirliyində xarici ölkələrdə təhsil almış azərbaycanlı gənclərin diplomlarının tanınması ilə bağlı yeni elektron sistemin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov qeyd edib ki, müraciət edən şəxs elektron ərizə ilə müraciət etdikdən sonra ona təhlükəsizlik kodu veriləcək. O bildirib ki, müraciət edən həmin kodla sistemə daxil olmaqla, öz ərizəsinə baxılma vəziyyətini öyrənə biləcək. Bu sistem əsasında müraciət edən şəxsə sənədlərindəki hansısa çatışmazlıq və ya sənədlərinin qəbul olunub-olunmadığı barədə məlumat verilir.

"İstənilən dövlət və qeyri-dövlət müəssisəsi bu sistemdəki məlumatlar barədə mütəmadi olaraq, informasiya əldə edə biləcəklər. Müraciətçinin ərizəsinə o zaman baxılır ki, o, bütün sənədləri doldurduqdan sonra müvafiq dövlət rüsumunu da (15 manat) ödəsin", - deyə nazir əlavə edib.

M.Mərdanov qeyd edib ki, bu sistemin yaradılması şəffaflığın təmin edilməsi yönümündə atılan addımlardan biridir. Onun fikrincə, bu sistemin tətbiqi nəticəsində artıq diplomunu tanıtmaq istəyən şəxsin nazirliyə gəlməsinə ehtiyac qalmayacaq.

Lakin təhsil naziri təqdim olunan sistemdə bəzi düzəlişlərin edilməsini də zəruri sayıb. Onun sözlərinə görə, bəzi hissələrin adları dəyişdirilməli və insanları başa düşəcəyi daha sadə dildə göstərilməlidir:"Bir məsələni də deyim ki, bu sistem hələ aktiv deyil. O, yalnız müəyyən düzəlişlər edildikdən və tam bəyənildikdən sonra istifadəyə veriləcək. Bunun hazırlanmasında isə əsas məqsəd insanların elektron biliklərinin artırmaqdır".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə