Təhsil Nazirliyi: "Valideynlər rahat olsunlar"

"Bu il bəzi məktəblərdə birinci siniflər üzrə dərslik çatışmazlığı problemi yaranıb. Lakin bunun üçün nə valideynlər, nə də məktəblər narahatlıq keçirməsin. Çünki problem bu həftə ərzində öz həllini tapacaq". Bunu SİA-ya açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. O bildirib ki, bu il birinci siniflərə proqnozdan artıq sayda şagird gəldiyindən müəyyən problemlər yaranıb. Onun sözlərinə görə, ölkədə yeni məktəblər tikilib və onlara xeyli şagirdlər gəlib.

"Lakin onların sayı əvvəldən nəzərdə tutulmayıb. Bu məktəblərin şagird kontingenti digər məktəblərin hesabına formalaşıb. Buna görə də dərsliklərdə də müəyyən çatışmazlıq qeydə alınıb. Şagirdlər bir məktəbdən digərinə gedərkən onların dərslik komponentləri də getməlidir. Amma bəzi hallarda valideyn buna əməl etmir, əvvəlcədən bunları nəzərə almır. Hər il dərs ilinin əvvəlində belə problemlər olur və bunlara qeyri-adi hadisə kimi yanaşmaq lazım deyil. Belə hallar olur, sadəcə bu məsələyə münasibət düzgün olmalıdır. Bakıda 5 məktəb tikilib, onların hər birinə 500 şagird gələndə şagird sayı 2500-ə çatıb. 2500 şagirdin məsələsi isə həll edilməlidir. Bəzi məktəblərdə kitab çatışmazlığının qarşısını almaq üçün onların alınması tələb olunur. Amma hər bir məktəb və valideynə müraciət edərək bildiririk ki, heç bir dərslik almasınlar. İbtidai siniflər hələ ki hərflərə çatmayıblar. Ona görə də bu o demək deyil ki, kitablar vaxtında çatmasa bu hansısa problemlər yaradacaq. Hərhalda problem bu həftə ərzində öz həllini tapacaq", - deyə nazirlik rəsmisi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...