Beynəlxalq elmi konfrans keçirilib

Beynəlxalq elmi konfrans keçirilib

Bu gün Sumqayıt Dövlət Universitetində növbəti beynəlxalq elmi konfrans keçirilib. SDU-dan SİA-ya verilən məlumata görə, İnnovasiya yönümlü inkişafın sosial-iqtisadi problemləri mövzusunda keçirilən konfransı universitetin rektoru, professor Nadir Qəhrəmanov açaraq iştirakçılara tədbirin mahiyyəti barədə məlumat verib. Ölkəmizin sosial-iqtisadi inkişafından bəhs edən rektor xüsusilə son illərdə innovativ inkişaf meyillərinin hiss edildiyini qeyd edib. SDU-da bu cür konfransların artıq ənənəvi xarakter daşıdığını dilə gətirən N.Qəhrəmanov bildirib ki, bu universitetdə keçirilən sayca 18-ci beynəlxalq konfransdır. Rektor bu konfrans zamanı veriləcək təkliflərin əhəmiyyətli olacağına əminliyini ifadə edib, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Rusiya Elmlər Akademiyyasının İqtisadiyyat İnstitutunun Postsovet ölkələri üzrə Tədqiqat Mərkəzinin müdiri Leonid Borisoviç Vardomskiy çıxış edərək ölkəmizin müstəqillik illərində əldə etdiyi nailiyyətlərə toxunub. Natiq bildirib ki, Azərbaycan xüsusilə son illərdə innovasiya yönümlü inkişaf yoluna çıxıb.

AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Tədqiqatlar İnstitunun direktoru professor Əli Nuriyev ölkəmizin yeni inkişaf mərhələsinə daxil olduğunu qeyd edib, qabaqcıl kapitalist ölkələrin təcrübəsindən faktlar və müqayisələr gətirib.

Sumqayıt Dövlət Universitetinin dosenti Albert Tağıyev isə Sumqayıtda fəaliyyətdə olan və yaradılacaq texniki parkların, eləcə də ayrı-ayrı dünya ölkələrində mövcud olan texnoparkların inkişafı problemlərindən bəhs edib.

Daha sonra çıxış edən Sumqayıt Dövlət Universitetinin dosenti Şəfa Əliyev Azərbaycan iqtisadiyyatının innovasiyalaşdırılmasında xüsusi iqtisadi zonaların tətbiqinin mühüm aspektləri barədə məlumat verib. Bu gün və sabah konfrans bölmə iclaslarında işini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə