“Kon-Tiki səyahəti“ kitabının təqdimatı oldu

“Kon-Tiki səyahəti“ kitabının təqdimatı oldu

Azərbaycan Dillər Universitetində Norveçli səyyah və təbiətşünas alim Tur Heyerdalın "Kon-Tiki səyahəti" adlı kitabının təqdimat mərasimi keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, təqdimat ADU-nun Skandinaviya Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə baş tutub. Bu təqdimat tələbələrə kitaba maraq ənənəsini inkişaf etdirmək üçün atılan addımlardan biri idi. Təqdimatda Norveçin Azərbaycandakı səfirliyinin əməkdaşları və universitetin Regionşünasliq və Beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak edib. "Alatoran" nəşriyyatının direktoru Rasim Qaraca ilk öncə kitab və müəllif haqda qısa məlumatlar verdi. O, Norveçli səyyah və təbiətşünas alim Tur Heyerdalın adının Azərbaycanda çox məşhur olduğunu deyib. Müəllifin 1947-ci ildə dostları ilə birlikdə elm adına Kon-Tiki adlanan salın üzərində 101 günlük təhlükəli səfərlərindən, bu səfərdə dostların başlarına gələn hadisələrin kitabda öz əksini tapmasından qısaca bəhs edildiyini qeyd edib. O, bildirib ki, Tur Heyerdalın "Kon-Tiki səyahəti" kitabı 70 dildə dərc olunub, Azərbaycan dilində ilk dəfə dərc olunmaqdadır.

Qısa məlumatdan sonra qonaqlar kitabda əks olunan səfər haqqında təşkil olunmuş qısametrajlı filmi izləyiblər.

Tədbirdə həmçinin qeyd olundu ki, bu nəzəriyyə Azərbaycanda böyük rəğbətlə qarşılanıb. Film bitdikdən sonra iştirakçılar film və kitab haqqında dəyərli fikirlərini bölüşüblər. Təqdimatın sonunda isə kitabın bir neçə nüsxəsi tələbələrə və tədbir iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, bu kitabdan əvvəl Azərbaycan dilində Tur Heyerdalın "Adəmin izləri ilə" kitabı 2011-ci ildə Bakıda dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə