TQDK dərslikləri hansı formada yoxlayacaq? Qaydalar

TQDK dərslikləri hansı formada yoxlayacaq? Qaydalar

Xəbər verdiyimiz kimi, artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi yaradılıb. Bu ildən başlayaraq müvafiq şöbə I sinifdən XI sinfə qədər olan dərsliklərin monitorinqi ilə məşğul olacaq. TQDK-nın mətbuat katibi Elnur Nağızadə SİA-ya verdiyi açıqlamasında Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı həyata keçirəcəyi siyasətin ilkin detallarını açıqlayıb. O bildirib ki, dərsliklər 4 ildən bir təkmilləşdirilir. E.Nağızadənin sözlərinə görə, hazırda qüvvədə olan dərsliklərin monitorinqi aparılandan sonra onlarda hər hansı çatışmazlıq və qüsurlar varsa, həmin dərslərlə bağlı müvafiq tədbirlər görüləcək.

"Hər bir dərslik ekspertlər tərəfindən yoxlanacaq. Ekspertiza işinə orta məktəb müəllimləri, dərsliklərin məzmunu ilə tanış olan alimlər və metodistlər cəlb olunacaqlar. Kurrikulumla bağlı dərsliklərdə isə kurrikulumun tələbləri yoxlanacaq. Ekspertizadan müsbət qiymət alan dərsliklərin növbəti illər üçün də çapına müsbət rəy veriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə