Təhsil Nazirliyi yeni rəqəmlər açıqladı

Təhsil Nazirliyi yeni rəqəmlər açıqladı

2012-ci ilin ötən dövrü ərzində daim müəssisədə yaşayan 10 nəfər qız üçün Təhsil Nazirliyi tərəfindən ailə əsaslı kiçik qrup evi tikilərək istifadəyə verilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, dövlət uşaq müəssisələrində qiymətləndirmə aparılıb və himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilərək müəyyənləşdirilib. Himayədar ailə olmaq istəyən şəxslərə təlimlərin keçirilməsi üçün Xəzər rayonunda Ailə Təlim və Məsləhət Mərkəzi istifadəyə verilib və Ailə Təlim Proqramının tətbiqinə başlanılıb.

Kar uşaqlar üçün iki xüsusi internat məktəb birləşdirilib, onların bazasında sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılıb. Beləliklə, Təhsil Nazirliyinin tabeliyindəki dövlət uşaq müəssisələrinin sayı 38-ə enib.

Cari ilin əvvəlindən bu günədək 48 uşaq bioloji ailələrinin himayəsinə, 8 nəfər isə övladlığa verilib. Uşaqların ailələrə verilməsi ilə bağlı müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair 10 adda sənəd hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün (lal-kar) internat məktəblərdə təlim-tərbiyə alan şagirdlərə keyfiyyətli təhsil imkanlarının yaradılması və təhsil hüquqlarının təmin edilməsi məqsədi ilə yeni nəsil dərsliklər, əyani təlim vəsaitləri, müəllimlər üçün metodiki vəsaitlər hazırlanıb, nəşr edilib və müəssisələrə paylanılıb.

Dövlət uşaq müəssisələri ilə Təhsil Nazirliyi arasında elektron idarəetmə sisteminin yaradılmasının birinci mərhələsi başa çatdırılıb. Bununla bağlı xüsusi proqram təminatı hazırlanıb. Elektron idarəetmə sisteminin yaradılmasının ikinci mərhələsində isə müvafiq məlumatlar proqrama daxil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə