ATGTİ təcrübə mübadiləsinə hazırdır

ATGTİ təcrübə mübadiləsinə hazırdır

Ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyinin əməkdaşları, Qırğızıstanın gənc fəalları dünən ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında qonaq olublar. ATGTİ-nin mətbuat katibi Məcid Musayev SİA-ya verdiyi məlumata görə, görüşdə ATGTİ-nin sədri Şahin İsmayılov qonaqlara İttifaq haqda məlumat verərək, onları təşkilatın fəaliyyət istiqaməti ilə tanış edib. Ş. İsmayılov bildirib ki, ATGTİ tərəfi Qırğızıstanın tələbə QHT-ləri ilə təcrübə mübadiləsinə hər zaman hazırdır.

Öz növbəsində Qırğızıstan nümayəndə heyətinin rəhbəri Ermek Jakıbekov çıxışında ölkəsində mövcud gənclər siyasəti haqda danışaraq qeyd edib ki, bu gün Qırğızıstanda mövcud olan 56-dan çox universitetin tələbələri bir tələbə QHT-si ətrafında birləşməyib:

"Bu baxımdan biz Azərbaycan tərəfinin təcrübəsindən yararlanmaq istəyirik"

Qonaq onu da sözlərinə əlavə edib ki, son bir neçə ildə Qırğızıstan Türkiyə, Yaponiya, Cənubi Koreya kimi ölkələrlə təhsil əlaqələrini inkişaf etdirə bilib.

Görüşüm davamında Qırğızıstan tərəfinin çoxsaylı suallarını cavablandıran Şahin İsmayılov vurğulayıb ki, öz coğrafi mövqeyinə uyğun olaraq, Azərbaycan həm Qərb, həm də Şərq gənclərini birləşdirə biləcək fəaliyyət platforması ola bilər.

Sonda qonaqlara ATGTİ-nin çap məshulları təqdim edilmiş, qonaqlar isə ATGTİ-yə öz milli mədəniyyətlərini əks etdirən xatirə hədiyyələri verilib. Təşkilatın qərargahı ilə də tanış olan qonaqlar ATGTİ nümayəndələri ilə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə