İş axtaran gənclər üçün yeni imkan

VI Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi başladı

Bu gündən "Bakı Ekspo" sərgi kompleksində VI Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, sərginin açılışında təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və digər qonaqlar iştirak edib.

Tədbirin əhəmiyyətindən danışan təhsil naziri Misir Mərdanov bildirib ki, bu sərgi beynəlxalq əlaqələrin inkişafı və universitetlər arasındakı tərəfdaşlığa müsbət təkan verir. Onun sözlərinə görə, Azərbaycanda keçirilən bi sərgiyə qatılan ölkələrin və təhsil müəssisələrinin sayı ildən-ilə atrır. Nazir belə sərgilərin keçirilməsini xarici ölkələrdə təhsil almaq istəyən və iş axtaran gənclər üçün əhəmiyyətli olduğunu qeyd edib: "Beləliklə, bütün dünyada ixtisaslaşmış işçilərə tələbatın get-gedə çoxaldığı bir vaxtda, sərgi növbəti dəfə təhsil müəssisələrinə özləri haqqında məlumat vermək və təcrübə mübadiləsi aparmaq kimi mükəmməl imkan təqdim edəcək. Gənclər üçün isə sərgi müxtəlif ali təhsil müəssisələrində qəbul və təhsil üzrə şərtlərlə tanış olmaq, inkişafa doğru yeni və keyfiyyətli addımlar atmaq üçün unikal şans verəcək".

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də öz növbəsində bu sərginin yüksək əməhiyyə malik olduğunu deyib. Onun sözlərinə görə, bu sərgilərdən hər bir məktəbli və ya təhsil işçisi yararlanmağa çalışmalıdır.

Sərginin təşkilatçısı, "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov qeyd eidb ki, bu il sərgidə ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən 96 təhsil müəssisəsi iştirak edir. Onun sözlərinə görə, iştirakçı ölkələrin siyahısı da əhəmiyyətli dərəcədə genişlənib: "Bu il sərgidə dünyanın 20 ölkəsi, o cümlədən Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Koreya, Litva, Malayziya, Ukrayna, İsveçrə, Çexiya və digərləri azərbaycanlı tələbələrin yolunu səbirsizliklə gözləyən ali təhsil məktəblərini təqdim edəcəklər. "Təhsil və Karyera 2012" sərgisinə giriş yalnız 11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr, onların valideynləri, həmçinin bu sahənin peşəkarları üçün açıq olacaq. Ekspozisiyanın əsasını xaricdə bakalavr və MBA təhsili proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemləri təşkil edir. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələri və biznes məktəblərinin nümayəndələri ilə şəxsən ünsiyyət qura, təqdim edilən ölkələrdə ali məktəblərə qəbul və təhsil üzrə şərtlər, habelə təhsil qiymətləri, təqaüdlər, qrantlar və s. haqqında ilk mənbədən məlumat edə bilərlər. Bu isə xaricdə təhsil almaq üçün ən əlverişli və maraqlı təkliflər arasında seçim etmək baxımından faydalı olacaq".

Qeyd edək ki, sərgi sentyabrın 22-dək "Bakı Ekspo" sərgi kompleksində davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə