Azercell Telekom MMC-nin "Kaspi" Təhsil Mərkəzi ilə birlikdə keçirdiyi "Jurnalistlər üçün ingilis dili kursları"nın növbəti mərhələsi başa çatıb. SİA-nın xəbərinə görə, bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində yekun tədbir keçirilib. Tədbirdə çıxış edən "Kaspi" Təhsil Mərkəzinin təsisçisi və "Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyeva bildirib ki, artıq 2 ildir şirkətlə bu əməkdaşlıq davam etdirilir. Jurnalistlər üçün təşkil edilən ingilis dili kursları 6 ay davam edib.
Onun sözlərinə görə, bu il "Kaspi" Təhsil Mərkəzində baş tutan məşğələlərdə 25 jurnalist Azercellin hesabına bir neçə səviyyəli proqram üzrə kursdan keçib. Burada əsas məqsəd Azərbaycan dilli jurnalistlərin hərtərəfli inkişafına kömək etməkdən ibarətdir. Kurslarda mətbuat nümayəndələrinə qramatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılıb. Bu il də kurslarda yüksək nailiyyətlər əldə edən 2 nəfər Londona göndərilib. Azərbaycan mühüm strateji layihələrə imza ataraq təhsil sahəsində bir sıra layihələr həyata keçirir. Dövlət tərəfindən keçirilən bir sıra beynəlxalq tədbirlərdə isə jurnalistlər tərcüməçilərin köməyində istifadə etmək məcburiyyətində qalırlar. Bu layihə ona imkan verəcək ki, artıq müxtəlif KİV-lərdə çalışan jurnalistlər ingilis dilində də rahat müsahibələr ala biləcək. Layihə Azərbaycan mediasına dəstək məqsədi daşıyır".
Bütün bunlarla yanaşı S.Vəliyeva bəzi jurnalistləri bu layihə ilə bağlı az yazı yazdıqlarını deyib. O bildirib ki, əgər hər hansı bir layihəyə ayrılan məbləğ az və ya çox olmasından asılı olmayaraq təhsilə yönəlirsə, bundan kifayət qədər yazılar yazmaq və ondan yararlanmaq lazımdır.
"Azercell Telecom" şirkətinin yeni rəhbəri Kirill Qaburiç isə vurğulayıb ki, Azərbaycan cəmiyyətində informasiya əldə edən insanların əlavə dil təhsili almasına müəyyən köməklik göstərmələrindən çox şaddırlar. Onun sözlərinə görə, bu layihə jurnalistlərin beynəlxalq təcrübəsinin artırılmasına təkan verəcək: "Azercell artıq bir neçə ildir ki, jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək 200-dən çox KİV təmsilçisi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Şirkət ingilis dili kursları təşkil etməklə mətbuat işçilərinin inkişaf etməsinə, beynəlxalq əlaqələrinin gücləndirilməsinə yardım edir".
Tədbirin davamında "Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyev ingilis dilini öyrənmək istəyən jurnalistlər üçün növbəti kursun vaxtı elan edib. O bildirib ki, yeni qruplara yığım 19-26 sentyabr tarixlərində həyata keçiriləcək: "Kursda ən azı 1 il təcrübəsi olan media nümayəndələri iştirak edə bilər. Yeni kurs haqqında ətraflı məlumat almaq və ərizə formasını əldə etmək üçün mərkəzə müraciət etmək lazımdır".
Tədbirin sonunda kursu uğurla bitirən media nümayəndələrinə şirkət tərəfindən sertifikatlar təqdim olunub. Kursda daha yüksək səviyyə nümayiş etdirən 2 nəfər seçilərək əlavə təhsil almaq üçün İngiltərədə qısamüddətli intensiv kurslarda iştirak etmək hüququ qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB