“Qızıl” statuslu tərəfdaş

Mingəçevir şəhərində, DVC-nin ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) Baş Assambleyası keçirilib. Assambleyada təşkilatın rəhbərliyi, könüllü heyəti və üzvləri iştirak edib. SİA-nın məlumatına görə, Assambleyanın əsas məqsədi təşkilatın fəaliyyətinin təhlili, 2011-2012 ci illlər üzrə fəaliyyət və maliyyə hesabatın təqdim olunması, təşkilatın nizamnaməsinə əsasən sədr və idarə heyətinin seçkiləri və 2013-cü il üçün strateji və maliyyə hədəflərinin müəyyənləşdirilməsidir.

Assambleya ərzində iştirakçılara təşkilatın 2011-2012-ci illər üzrə həyata keçirdiyi fəaliyyət haqqında ətraflı məlumat verilib. Təşkilat tərəfindən sözü gedən illər üzrə 500-ə yaxın tədbirin təşkil olunması ilə 45 şəhər və rayonu əhatə etməsi, üzvlərin sayının 22 000 nəfərə çatması, təşkil olunmuş yay məktəblərinin sayının 30-a çatdırılması və təşkilat tərəfindən qarşıya qoyulmuş maliyyə və strateji hədəflərə tam çatılması bildirilib. Təşkilatın ötən hesabat dövrü Amerika Azərbaycan Ticarət Palatasının (AMCHAM) tam hüquqlu üzvü, Milli Biznes İnkubatorlar Assosiyasiyasının (NBİA) "qızıl" statuslu tərəfdaşı olduğu eyni zamanda qeyd olunub.

Ötən hesabat dövrünün nəticələrinə əsasən təşkilatın üzvləri və könüllüləri yeni strateji plan üçün təkliflərlə çıxış etdi. Təkliflər müzakirə olunub və əsaslandırılmış, komanda tərəfindən qəbul olunan, cəmiyyətin rifah halının və intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən təkliflər əsasında təşkilatın 2013-cü il üzrə strateji planı müəyyən olunub. Təşkilatın yeni strateji planına əsasən isə "Yaşıl Düşüncə", Yay Məktəbləri, Korporativ Sosial Məsuliyyət layihələrinin icrası, Biznes-İnkubatorların yaradılması, Beynəlxalq Gənclər Layihələri, Milli Debat Proqramı təşkilatın əsas istiqamətləri kimi fəaliyyəti təkmilləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə