Nazir müavini çıxış yolu axtarır

Nazir müavini çıxış yolu axtarır

Təhsil Nazirliyi xarici ölkələrdə təhsil alan vətəndaşların diplomlarının tanınmasına aydınlıq gətirib. SİA-nın xəbərinə görə, təhsil nazirinin müavini Qulu Novruzov deyib ki, diplomların ölkələr arasında qarşılıqlı şəkildə tanınması üçün universitetlər beynəlxalq konvensiyalara qoşulmalıdır.

"Ali məktəbin diplomunun tanınıb-tanınmaması baxımından məsələyə yanaşma yanlışdır. Çünki beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı Beynəlxalq Konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. Ali məktəblər özləri isə bu prosesdə iştirak etmirlər", - deyə o əlavə edib.

Nazir müavini qeyd edib ki, 1996-cı ilin mayında imzalanan, həmin ilin sentyabrında Azərbaycan Parlamenti tərəfindən ratifikasiya olunmuş Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınması üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir. Onun sözlərinə görə, bu qaydalar Azərbaycanda Nazirlər Kabineti tərəfindən də təsbit olunub. Q.Novruzov qeyd edib ki, konvensiyaya əsasən, diplomu tanımaq üçün iki mühüm şərt var: "Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə, tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu almasıdır. Bunu gizlətmək lazım deyil. Moskvada metro keçidlərində insanlar "diplom, attestat, əmək kitabçası" yazılan lövhələri əllərində tuturlar. Yəni, insanlara bu tipli diplomlar da verilir. Müəssisənin akkreditasiya olunması ilə yanaşı, tələbənin tədris prosesində iştirak etməsi və oxuyaraq diplom alması vacibdir. Əgər bu şərt ödənilibsə, onda bizim diplomu tanımamağa əsasımız yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə