TQDK-nın təhsil nazirinə Cavabı

Qəbul imtahanlarında istifadə olunan test tapşırıqları bütün beynəlxalq qiymətləndirmə standartlarına tam uyğundur

Xəbər verdiyimiz kimi, ötən gün təhsil naziri Misir Mərdanov müsahibələrinin birində qəbul imtahanlarında balların aşağı salınmasının təhsilin keyfiyyəti ilə bağlı olmadığını deyib. O bildirib ki, bunu araşdırmaq üçün ciddi təhlil aparmaq lazımdır: "Mən bu işdən baş çıxaran adamam. Ola bilməz ki, 10 milyona yaxın əhalisi olan Azərbaycanın daxilində 1 il ərzində təhsilin səviyyəsi çox aşağı düşsün. Bu məsələ birmənalı şəkildə deyim ki, ilbəil sualların çətinləşdirilməsi, qəlizləşdirilməsi ilə bağlıdır. Ola bilməz ki, bu il keçid balı 250 olsun, gələn il 150".

Təbii ki, bu məsələyə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) cavabı gecikməyib. Belə ki, bu gün TQDK təhsil naziri Misir Mərdanovun qəbul imtahanlarında keçid balının 150-yə salınmasının ilbəil sualların çətinləşdirilməsi, qəlizləşdirilməsi ilə bağlı olduğuna dair ittihamlarına cavab verib.

TQDK-nın mətbuat katibi Elnur Nağızadə SİA-ya açıqlamasında deyib ki, qəbul imtahanlarında istifadə olunan test tapşırıqları orta ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına və dərs vəsaitlərinə uyğundur. Onun sözlərinə görə, 2011-ci ildə elə təhsil nazirinin dəvəti ilə Dünya Bankı Ali Təhsil İslahatları Layihəsi çərçivəsində apardığı tədqiqatlar arasında qəbul imtahanlarında istifadə olunan test tapşırıqları da var idi. Həmin tədqiqatın yekunu olaraq hazırlanmış hesabatda imtahan suallarının müsabiqə aparılması üçün tam qənaətbəxş olduğu, bu sahədə qəbul olunmuş beynəlxalq standartlara tam cavab verdiyi birmənalı şəkildə vurğulanıb.

TQDK-nın mətbuat katibi qeyd edib ki, komissiya hər ilin yanvar ayında "Abituriyent" jurnalının müvafiq sayında imtahanda istifadə olunacaq test tapşırıqlarının nümunələrini - model testləri təqdim edir.

"Həmin vaxt bu testlərlə bağlı hər hansı fikir eşitmirik. Təəssüf ki, qəbul imtahanlarında sonra abituriyentlərin nəticələri qənaətbəxş olmadıqda imtahanda istifadə olunmuş test tapşırıqlarının "çətinliyi" yada düşür. Qəbul imtahanlarında istifadə olunan test tapşırıqları bütün beynəlxalq qiymətləndirmə standartlarına tam uyğundur. Azərbaycanda qəbul imtahanlarında istifadə olunan test tapşırıqları ilə bağlı beynəlxalq qiymətləndirmə qurumları və ekspertlər daim yüksək fikir bildiriblər", - deyə o əlavə edib.

TQDK sözçüsü vurğulayıb ki, həmin sualların məzmunu ilə bağlı bütün növ elmi müzakirələrə komissiya həmişə açıq olub və bu gün də açıqdır. Onun fikrincə, komissiyanın nəzdində fəaliyyət göstərən fənn seminarlarında qəbul proqramlarının müzakirəsinə orta, ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri, müstəqil ekspertlər sərbəst şəkildə iştirak edə bilirlər. Biz indi də belə tədqiqatların aparılmasına müsbət yanaşırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə