Gəncədə yeni məktəb binalarının açılışı olub

Gəncədə yeni məktəb binalarının açılışı olub

Yeni tədris ili Gəncədə əlamətdar tədbirlərlə yadda qalıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, ölkənin ikinci böyük şəhərində tam 6 məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib. Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bir sıra məktəblərin açılışında iştirak edib. İcra Aparatının rəhbərini millət vəkilləri, ziyalılar da müşayət edib. İlk olaraq 30 saylı orta məktəbin açılış mərasimi keçirilib. Burada çıxış edən Elmar Vəliyev ölkənin hər yerində olduğu kimi Gəncə şəhərində də tədrisin inkişafına xüsusi diqqət yetirildiyini bildirib. Əsasən sovet dönəmindən olan tədris müəssisələri yenilənir və ən müasir görkəmə salınır. Məqsəd respublikada təhsilin keyfiyyətini yüksəltmək və gənc kadrların savadlı formalaşmasına nail olmaqdır.

Çıxışların ardından rəmzi qırmızı lent kəsilib. Qonaqlar orta ümumtədris müəssisəsində yaradılan şəraitlə tanış olublar. 32 saylı orta məktəbdə də rəsmi açılış mərasimi keçirilib. Şəhər İcra Hakimiyyəti başçısı və qonaqlar burada təşkil olunan açılış mərasiminə qatılıb. Qeyd edilib ki, bu gün Gəncədə yararsız vəziyyətdə olan məktəblər demək olar qalmayıb. İldən ilə bütün tədris müəssisələri müasir standartlar çərçivəsində yenidən qurulur. Tədbir iştirakçıları məktəbi gəzib birinciləri təbrik edib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə