Səbailin yeni dərs ili

Səbail rayonunun orta məktəblərində yeni dərs ilinə başlanıb

15 sentyabr - "Bilik günü" ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunub. SİA-nın məlumatına görə, yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb, ilk dərs günü 17 orta məktəbdə dərslərə başlanıb.

Dövlət Proqramına uyğun olaraq bu il Bayıl yaşayış sahəsindəki 1929-cu ildə tikilmiş 49 saylı "İntellekt" məktəb-liseyin 3 mərtəbəli binası, buradakı 51 sinif, yardımçı otaqlar, idman və akt zalları, koridorlar, sanitariya qovşaqları əsaslı təmir olunub, 3 kompyuter sinifi yaradılıb, həyətə asfalt salınıb. Məktəbdə müasir dam örtüyü quraşdırılıb, binanın pilləkənləri və tutacaqları yenilənib, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib.

Ətraf ərazidə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin həyətində 36 əlavə sinif otağı olan 660 şagird yerlik, 3 mərtəbəli yeni tədris korpusu tikilib. Məktəbin girişi və həyəti yenidən qurulub, yeni darvaza quraşdırılıb, yaşıllaşdırma işləri aparılıb. Məktəbin həyətində yeni qazanxana tikilərək müasir istilik avadanlığı ilə təchiz olunub, yeni su, işıq və kanalizasiya xətləri çəkilib.

Korpusun mansard hissəsində ibtidai sinif şagirdləri üçün idman və kompyuter zalı düzəldilib, məktəb bütün avadanlıqlarla təchiz olunub.

Yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə çıxış edən 49 saylı "İntellekt" məktəb-liseyin direktoru Təhminə Əsədova keçən tədris ilində qazanılan uğurlardan danışmışaraq bildirib ki, sentyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbdə olub. Cənab prezident həmçinin yeni inşa olunmuş tədris korpusunun və əsaslı təmir işləri aparılmış köhnə korpusun açılış mərasimlərində də iştirak edib. Bu gəliş məktəb kollektivi üçün əlamətdar bir hadisə olub. Təhminə Əsədova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürünü bildirərək, pedaqoji kollektiv adından vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb.

Bu ilin may ayında Bakı şəhərinin ən qədim qəsəbələrindən olan Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə Dövlət Proqramına uyğun olaraq təmir işləri başlanılıb. 1937-ci ildə tikilmiş bu məktəbdə müasir təhsil üçün hər cür şərait yaradılıb. 500 şagirdin təhsili üçün nəzərdə tutulmuş, 30 müəllim və 11 texniki işçinin çalışdığı 3 mərtəbəli məktəb binasının dam örtüyü tam şəkildə yeniləşdirilib, məktəb üçün əlavə olaraq yeni yeməkxana və bufet, yeni kitabxana, 2 ədəd təsərrüfat otağı, vestibül tikilib, bütün kommunikasiya xətləri yeniləşdirilib, idman və akt zalları da daxil olmaqla bütün sinif otaqları, fənn kabinetləri, texniki otaqlar, tibb kabineti əsaslı təmir olunub. Məktəbdə yeni kompyuter kabineti yaradılıb və internet şəbəkəsinə qoşulub. Həmçinin məktəbin həyətində 60 kv. metrlik talvar quraşdırılıb, 1500 kv. metr sahəyə asfalt salınıb, yeni hasar çəkilib və darvaza quraşdırılıb. Eyni zamanda məktəbdə yeni istilik sistemi də quraşdırılıb.

"Bilik günü" tədbirində çıxış edən 50 saylı məktəbin direktoru Sədaqət Həsənova məktəbin digər şagirdlərinə, onların valideynlərinə, tədbirdə iştirak edən qəsəbə ictimaiyyəti, ağsaqqalların nümayəndələrinə burada aparılan təmir-abadlıq işləri barədə məlumat verib. O, qədim Bibiheybət qəsəbəsindəki məktəbdə təhsilə yaradılan şərait üçün ölkə başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Yeni dərs ilinin başlanmasına həsr olunan tədbirlərdə iştirak edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov əsaslı təmirdən sonra istifadəyə verilmiş məktəblərin kollektivlərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirib ki, orta məktəbləri bitirmiş 1448 nəfərdən 915-i tələbə adını qazanmış, onlardan 87 nəfəri xarici ölkələrin ali məktəblərinə qəbul olunublar. 11 məzun qızıl medala, 2 məzun isə Prezident təqaüdünə layiq görülüb.

Qeyd olunub ki, ölkə başçısı Cənab İlham Əliyevin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi kimi onun tərəfindən imzalanmış Dövlət Proqramına uyğun olaraq bu il Səbail rayonunda 1 yeni məktəb və uşaq bağçası istifadəyə verilib. Bununla yanaşı 2 məktəb, 1 uşaq bağçası əsaslı təmir olunub, 2 məktəb üçün əlavə korpuslar tikilib. Hazırda 1 uşaq bağçasının təmiri, 1 uşaq musiqi məktəbinin yenidən tikintisi davam edir. Bu işlərin davamı kimi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planına rayon üzrə əlavə 6 bənd salınıb ki, onların həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

Səbail rayonunda həyata keçirilən işləri diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabr ayının 4-də Badamdar qəsəbəsində yeni 880 şagird yerlik 329 saylı tam orta məktəb və 120 yerlik yeni uşaq bağçasının, ertəsi gün sentyabrın 5-də isə əsaslı təmirdən sonra 49 saylı "İntellekt" liseyin köhnə binasının və 660 şagird yerlik yeni tədris korpusunun açılış mərasimlərində iştirak edib. Burada yaradılan şəraitlə yaxışdan tanış olaraq görülən işlərin keyfiyyətindən razı qalıb.

Asif Əsgərov Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb, Fondun dəstəyi görülən işlər barədə məlumat verib.

Səbail rayonunun Bayıl yaşayış sahəsindəki 1937-ci ildə tikilmiş 91 saylı orta məktəb kollektivi son illərdə bir sıra uğurlar qazanmış, təhsildə və şagirdlərin bilik səviyyəsinin yüksəlməsində bir sıra nailiyyətlər əldə ediblər. Keçən tədris ilinin əvvəlində məktəb binası əsaslı təmir olunub. Bura müasir tədris üçün bütün lazımi avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub, məktəb 2010-2011 təhsil ilinin yekununa görə "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi adını qazanıb. Hazırda məktəbdə 1100 şagird oxuyur, 1-ci sinifə 115 şagird qəbul edilərək 4 sinif yaradılıb. Bu tədris ilində məktəbin 3 ədəd 11-ci sinifində 80 şagird təhsil alacaq.

"Bilik günü" ilə əlaqədar təşkil olunan tədbirə toplaşan şagirdləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 91 saylı orta məktəbin direktoru Svetlana Zülfüqarova məktəb kollektivinin qazandığı uğurlardan danışıb. O, qeyd edib ki, keçən tədris ilində məktəbin 67 məzununun 32-i ali məktəblərə, onlardan 4 -ü isə xarici ölkələrin ali məktəblərinə daxil olublar. Məzunların 4-ü 500-dən çox, 2-si 600-dən çox bal toplayıb. 1 nəfər Prezident təqaüdünə layiq görülüb. Məktəbin 4 nəfər şagirdi respublika, 4-ü isə Bakı şəhəri üzrə Olimpiadalarının mükafatçılarından olub.

Yeni dərs ili ərəfəsində məktəbdə yaradılmış şəraitə, onun lazımi inventar və dərs ləvazimatları ilə təminatına, həmçinin ölkə təhsilinin inkişaf və tərəqqisi üçün gördüyü işlərə görə məktəb direktoru Svetlana Zülfüqarova ölkə rəhbərliyinə məktəb kollektivi və valideynlər adından dərin təşəkkürünü bildirib.

Səbail rayonundan Millət vəkili seçilmiş Fuad Muradov hər 3 məktəbdə keçirilən tədbirlərdə iştirak edərək kollektivləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib. Yeni təmirdən çıxmış və hər cür şərait yaradılmış məktəblərə təhsildə uğurlar arzulayıb.

Ənənəvi "Bilik günü" tədbirləri rayonun digər məktəblərində də keçirilib. Bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə