Sabah - setyabrın 15-də respublikada "Bilik günü" qeyd olunacaq. SİA-nın xəbərinə görə, bununla da bütün ümumtəhsil məktəblərində yeni dərs ilinə başlanacaq. Kiminsə övladı sabahdan etibarən ilk dəfə olaraq I sinfə gedəcək, ali məktəblərin I kursuna qəbul olanlar yeni insanlarla tanış olacaq, şagird və tələbələrin təlim-tərbiyəsi ilə məşğul olan müəllimlər isə öz işlərini davam etdirəcəklər. Təbii ki, bu günü səbirsizliklə gözləyənlər bu il sinfə gedəcək şagirdlər və I kursa qəbul olan tələbələrdir.
Bilik Günü ilə əlaqədar Azərbaycanın bütün məktəblərində bayram tədbirləri keçiriləcək. 15 sentyabr tədrisi 6 günlük olan məktəblərdə rəsmi dərs günüdür. Tədrisi 5 günlük olan məktəblərin hər birində də bayram tədbirləri keçirildiyi üçün bütün müəllimlərin və şagirdlərin məktəbdə olması zəruridir.
2012-2013-cü tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. 2011-2012-ci dərs ilində I sinif şagirdlərinin sayı 125408 nəfər olub. Bu göstərici, 2010-2011-ci tədris ilində isə 120032 nəfər təşkil edib. Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu göstərici 35509 nəfər olub.
Təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabrda 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılan komissiya tərəfindən baxılıb müvafiq qərar verilib.
Respublika üzrə ümumilikdə 50000 şagird yerlik 167 yeni orta məktəb tikilib və 2012-2013-cü dərs ilindən şagirdlərin istifadəsinə veriləcək. Bunlarla yanaşı, 103 məktəb əsaslı təmir edilib, 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpuslar inşa olunub. Onu da qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 16640 şagird yerlik 45 yeni orta məktəb tikilib. Həmçinin, 3 təhsil müəssisəsi üçün 960 şagird yerlik əlavə korpuslar inşa edilib və 15 məktəbdə əsaslı təmir işləri aparılıb
2012-2013-cü dərs ilinə ümumi təhsil məktəbləri üçün 194 adda 4018990 nüsxə dərslik və metodik vəsaitin çap edilərək məktəblərə çatdırılıb. 500 məktəbdə kitabxanaların modernləşdirilməsi işinin davam etdirilməsi nəzərdə tutulub. Müəllimlərin işə qəbulu mexanizminin beynəlxalq təcrübə nəzərə alınmaqla daha da təkmilləşdirilib, bu il 16 mindən çox elektron ərizənin qeydə alınıb və müsabiqənin yekunlarına əsasən 2500-dən çox müəllimin ölkənin ümumi təhsil məktəblərindəki vakant yerlərə işə qəbul edilib.
Yeni tədris ilində bir sıra yeniliklərin edilməsi də gözlənilir. Belə ki, ibtidai siniflərdə tətbiq eidlən kurrikulum sitemi bu ildən etibarən artıq V siniflərdə də tətbiq olunacaq. Bununla əlaqədar olaraq V siniflər üçün nəzərdə tutulan dərs vəsaitləri, tədris proqramları təmamilə yenilənib.
Qeyd edək ki, yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı Şəhər baş Polis İdarəsinin qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə polis tərəfindən nəzarətə götürüləcək. Hər hansı xoşagəlməz hadisənin baş verməməsi və "Bilik Günü"nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və zəruri olan bütün təhlükəsizlik tədbirləri görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB