“Bilik günü” keçiriləcək

Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) "Bilik günü"nə həsr olunmuş tədbir keçiriləcək. ADU-dan SİA-ya verilən məlumata görə, I kurs tələbələri ilə keçirləcək görüşdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov təbrik nitqi ilə çıxış edəcək. Yüksək balla ADU-ya qəbul olunan tələbələr və onların valideynlərinin, ADU Tələbə Gənclər Təşkilatının sədrinin də çıxış edəcəyi tədbirdə tələbələrə qiymət kitabçası və tələbə bileti təqdim olunacaq.

Qeyd edək ki, ADU-ya qəbul olunan tələbələr arasında ən yüksək nəticəni 665 balla filologiya fakültəsinə qəbul olan Süleymanova Sevil Füzuli qızı göstərib. 1 saylı ingilis dili fakültəsinə qəbul olan Adıgözəlova Aysel Abdulla qızı isə 659 bal toplayıb. İlk üçlüyü 653 balla tərcümə fakültəsinin tələbəsi adını qazanan Əli Pəri Etibar qızı tamamlayıb. Bu il ADU-ya qəbul olan tələbələrdən 83 nəfəri 600 baldan yuxarı nəticə göstərib.

Məlumat üçün bildirək ki, 2012-2013-cü il tədris ilində ADU-ya 1500-qədər tələbə bakalavr, 200-ə yaxın tələbə isə magistr pilləsinə qəbul olub.

Bu il ADU-da bir neçə yeni ixtisas da açılıb. İlk dəfə olaraq ADU-da jurnalistika ixtisası üzrə tələbə qəbulu həyata keçirilib. Jurnalistika ixtisasına qəbul olunan tələbələr həm yüksək səviyyədə dil vərdişlərinə yiyələnəcək, eyni zamanda təhsillərini Avropa Universitetlərində, o cümlədən Böyük Britaniyanın İpsviç Universitetində davam etdirmək imkanı qazanacaqlar. Xatırladaq ki, bununla bağlı Böyük Britaniyanın İpsviç Universiteti ilə ADU arasında bu ilin aprel ayında niyyət protokolu imzalanıb. Bundan başqa, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisası da açılıb.

Xatırladaq ki, bu yaxınlarda ADU-nun rəhbərliyi ilə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Honq Fiuyini ilə də görüş keçirilib. Görüşdə ADU-da çinşünaslıq ixtisasının açılması, ali təhsil ocağında Çin mədəniyyəti və dil mərkəzinin yaradılması, həmçinin gələcək müəllim-tələbə mübadiləsi haqda fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ADU-da yeni tədris ilindən ispan dili və ədəbiyyatı ixtisası, ingilis dili və ədəbiyyatı, alman dili və ədəbiyyatı və fransız dili və ədəbiyyatı müəllimliyi ixtisası da açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə