Kaspi” Təhsil Mərkəzinin yeni layihəsi

Kaspi” Təhsil Mərkəzinin yeni layihəsi

Azərbaycanın təhsil sistemində yenilikçiliyi ilə seçilən, yarandığı 5 il ərzində yüksək nailiyyətlər əldə edən və bununla da ictimaiyyətin rəğbətini qazanan "Kaspi" Təhsil Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində 2011-2012-ci tədris ilinin yekunları ilə bağlı hesabat tədbiri keçirib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən "Kaspi" Təhsil Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, rəhbərlik etdiyi qurum yarandığı dövrdən KİV və ictimaiyyət qarşısında fəaliyyəti, əldə edilən uğurları ilə bağlı ənənəvi hesabat verir: "Təhsil tək dövlətin deyil, ümumxalq işidir. Bu işi dövlət quruculuğuna şamil etdiyimiz üçün biz öz fəaliyyətimizlə bağlı hesabat veririk. Uğurlarımızın gətirdiyi sevinci ictimaiyyətlə bölüşürük".

S.Vəliyeva xatırladıb ki, "Kaspi" Təhsil Mərkəzinin "Abituriyent" şöbəsi 5 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində Mərkəzin fəaliyyəti genişlənməklə yanaşı, əldə edilən nəticələr də getdikcə yüksəlir. Abituriyentlərin hazırlığı ilə peşəkar pedaqoji kollektiv və alimlərin məşğul olduğunu vurğulayan S.Vəliyeva xatırladıb ki, bu vaxta qədər min nəfərə yaxın abituriyent Mərkəzdə hazırlıq keçib, onlar yüksək nəticələrlə müxtəlif ali məktəblərə qəbul olunublar. Onun sözlərinə görə, ali məktəbə qəbulda ən aşağı 580 balla, 87 faiz nəticə ilə fəaliyyətə başlayan "Kaspi" Təhsil Mərkəzinin abituriyentləri bu il qəbul imtahanlarında 97 faiz nəticə göstərib. S.Vəliyeva əlavə edib ki, keçən il ən yuxarı bal 670 olubsa, bu il bu göstərici 690 olub: "Bu faktlar onu göstərir ki, uğurlarımız çox sevindiricidir" deyən S.Vəliyeva əlavə edib ki, Mərkəzdə hazırlıq dövlət təhsil proqramlarına uyğun həyata keçirilir. Onun sözlərinə görə, bu proqramları həyata keçirən daha bacarıqlı və peşəkar müəllim kollektivi var.

S.Vəliyeva deyib ki, pedaqoji kollektiv dərsliklərin hazırlanmasında, test banklarının yazılmasında, Tələbə Qəbulu üzrdə Dövlət Komissiyasının ekspert qrupunda çalışanlardır. Eyni zamanda, pedaqoji kollektiv arasında peşəkar psixoloqlar fəaliyyət göstərir. S.Vəliyeva əlavə edib ki, müəllimlər yüz nəfərin arasından biri seçilməklə "Kaspi" Təhsil Mərkəzinə cəlb edilib. Şura sədri açıqlayıb ki, Azərbaycanın müstəqil təhsil məkanında ilk dəfə olaraq "Kaspi" TM təqaüd təsis edib. Onun sözlərinə görə, sınaq imtahanlarında 675 balı keçən 3 ən yaxşı şagirdə aylıq 250, 650 balı keçən 3 ən yaxşı şagirdə aylıq 200 və 600 balı keçən 3 ən yaxşı şagirdə isə 150 manat təqaüd verilir. "Kaspi" TM burada təhsil alan gənclərin dərs vəsaiti ilə təmin olunmasını da öz üzərinə götürüb və artıq "Kimya", Tarix" və onların test bankları Təhsil Nazirliyinin icazəsi ilə çap olunub. Onun sözlərinə görə, yaxın gələcəkdə "Fizika", "Riyaziyyat", "Azərbaycan dili" "Ədəbiyyat" və digər dərsliklər də işıq üzü görəcək.

"Kaspi" TM bu tədris ilindən Azərbaycanda ilk dəfə olaraq yeni bir layihə təqdim edəcək. "Oxu TV" adlanacaq bu layihə repetitor yanına getməyə imkanı olmayan şagirdlər və bütövlükdə ictimaiyyət üçün mühüm töhfə olacaq. Belə ki, şagirdlər qabaqcıl müəllimlər tərəfindən 1-ci sinifdən 11-ci sinfə qədər tədris olunan istənilən fənni bu proqramda tapacaqlar. Həmin fənləri ictimaiyyət internet vasitəsilə pulsuz izləyə biləcəklər: "Xalq təhsilini sevdiyimiz üçün, Azərbaycan övladlarını öz övladımız bildiyimiz üçün belə sosial layihələr reallaşdırırıq". O, bu layihənin cari ilin dekabrına kimi reallaşacağının nəzərdə tutulduğunu qeyd edib.

S.Vəliyeva "Kaspi" TM-in xaricdə təhsillə bağlı həyata keçirdiyi tədbirlərdən də danışıb və bildirib ki, hazırda Mərkəz dünyanın 120-dən çox nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, Mərkəzin 200-dən çox tələbəsi nüfuzlu xarici universitetlərə qəbul olunub. "Kaspi" TM-in "Elmlər", "Yasamal", "Sabunçu", "Əhmədli" və "Xətai" filiallarının fəaliyyət göstərdiyini diqqətə çatdıran S.Vəliyeva Mərkəzin dövlət qulluğuna, magistraturaya hazırlıq, "Kaspi Kids" və digər şöbələrinin fəaliyyətindən də bəhs edib: "Bütün bu nailiyyətlərlə kifayətlənmək istəmirik. Əldə etdiyimiz nəticələr daha da yüksəlməlidir və bunun üçün də əlverişli şəraitimiz var".

Qeyd edək ki, sonda yüksək balla ali məktəbə qəbul olan bir neçə abituriyentə hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə