Qaydalar dəyişəcək

"Builki buraxılış imtahanlarının keçirilməsi qaydaları müvəqqəti idi. Həmin qaydalar bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ölkə prezidentinin verdiyi fərmana uyğun olaraq təstiqlənib". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, orta məktəblərdə qiymətləndirmə ilə bağlı gələcək qaydaların təstiqi Nazirlər Kabinetinə həvalə edilib.

M.Abbaszadənin sözlərinə görə, gələn il üçün orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi qaydalarının layihəsi Nazirlər Kabinetinə təqdim edilib: "Hazırda Nazirlər Kabineti bu layihələr üzərində işləyir. Layihə Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qaydalar ictimaiyyətə açıqlanacaq. Yeni qaydalar təsdiq edildikdən sonra gələn ildən IX və XI siniflər üçün buraxılış imtahanlarının hansı formada keçiriləcəyi elan ediləcək. Ümid edirəm ki, oktyabrda bu qaydalar təsdiq ediləcək".

TQDK sədri buraxılış imtahanlarında fənlərin sayının artıb-artmayacağı məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bununla bağlı hələlik dəqiq bir söz demək mümkün deyil. Çünki buraxılış imtahanlarının nəticələri təhlil edilməlidir: "Hələ ki bizdə olan məlumatlar ilkin rəqəmlərdir. İmtahanların hamısı başa çatıb. Bundan sonra isə növbəti 1 ay ərzində nəticələrə əsasən araşdırmalar aparılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə