Rektor gözlənilməz nəticələrlə qarşılaşdı

Rektor gözlənilməz nəticələrlə qarşılaşdı

"Bakı Dövlət Universitetində qeydə alınan builki nəticələr bizim üçün də gözlənilməz oldu. Əgər əvvəllər Bakı Dövlət Universitetinə 3500 tələbə qəbul olunurdusa, bunun 25-30%-i qiyabi təhsil formasında təhsil alırdı". SİA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, builki tələbə qəbulu sistemində edilən dəyişikliyə əsasən onlar təhsil almaq istədikləri istiqaməti özləri seçdiklərindən daha çox əyani təhsilə üstünlük veriblər. Rektorun sözlərinə görə, bu məsələ dövlətin apardığı siyasət olduğundan tələbələrə heç bir baryer qoyulmadı.

"Universitetə qəbul olan tələbələrdən yalnız 90-a yaxını qiyabi təhsil almaq istədi. Amma bu xırda problemlərə də gətirib çıxardı. Çünki elə ixtisas var idi ki, orada 1,2,3 tələbə təhsil almaq istəyirdi. Bunları rektorluqda müzakirə edərək müəyyən çıxış yolları tapmışıq. Əsas odur ki, gəncin istək və arzusu həyata keçsin", - deyə A.Məhərrəmov əlavə edib.

BDU-nun rektoru vurğulayıb ki, Türkiyənin pulsuz ali təhsil təcrübəsi Azərbaycanda tətbiq edilə bilər: "Dövlətin düşüncəsi ondan ibarətdir ki, gənclərimizin sosial məsələləri həll edilsin, tələbələr təhsil haqqlarından tədricən azad edilsin. Türkiyədə olduğu kimi, Azərbaycanda da tam azad edə bilərlər. Dövlətimizdə bu düşüncə var. Yəni, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atılır. Belə bir addımın da gələcəkdə atılması gözləniləndir".

A.Məhərrəmov beyin axını məsələsinə də münasibət bildirib. O qeyd edib ki, beyin axını vaxtilə müstəqilliyin ilk illərində çox dinamik artdı: "Amma son 10 ildə xaricə gedənlərin hamısı qayıtmaqla bağlı bizə müraciət edirlər. Bundan əlavə, beyin axınının əksinə əks-beyin axını da mövcuddur. Nəinki bizimkilər, hətta Avropa, Rusiya, ümumilikdə Avro-Atlantika məkanından Bakı Dövlət Universitetinə işləməyə gələnlər var. Artıq Azərbaycana öz nümayəndələrimizlə yanaşı, xarici ölkələrdən gələn alimlərin də sayı artır".

Bütün xəbərlər Facebook səhifəmizdə