"Bakı Dövlət Universitetində tibb fakultəsinin yaradılması məsələsi hər zaman gündəmdədir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, bu gün nəinki Azərbaycanda, həmçinin bütün dünyada elmlər sərbəst inkişaf etmir. A.Məhərrəmovun sözlərinə görə, getdikcə günün tələbi ona gətirib çıxaracaq ki, molekulyar-biologiya, gen-mühəndisliyi və nanotexnologiyalar tibbdə tətbiq ediləcək: "Ona görə də onların vəhdət şəklində inkişafına ehtiyyac var. Hələlik fundamental elmlər sahəsi üzrə tədqiqatları aparırıq".
Rektor qeyd edib ki, Bakı Dövlət Universitetində radio və televiziyanın yaradılması aktual məsələdir. Onun sözlərinə görə, Azərbaycanda kütləvi informasiya vasitələrinin hazırlanmasını məhz universitetin jurnalistika fakultəsi həyata keçirib: "Bu gün bir sıra sahələrin, nanotexnologiya, biokimya, gen-mühəndisliyinin inkişaf etdiyi kimi jurnalistika da sürətlə inkişaf edir. Jurnalistikada informasiya-telekommunikasiya vasitələrindən çox istifadə edilir. Ona görə də ölkədə İKT inkişaf etdikcə bu jurnalistikanın inkişafına da öz təsirini göstərir. Hazırda Bakı Dövlət Universitetində belə bir studiya var və tələbələr orada praktika keçirlər. Ancaq universitet daxili yeni və geniş bir studiyanın yaradılması haqqında layihəmiz var. Bunu da yaxın vaxtlarda həyata keçirəcəyik".
A.Məhərrəmov vurğulayıb ki, hazırda Bakı Dövlət Universiteti 15 sentyabr bilik gününə hazırlaşır: "Bu gün artıq hazırlıq işləri başa çatmaqdadır. Yeni dərs ili üçün Bakı Dövlət Universitetində bir sıra yeni cihazlar alınıb və laboratoriyaların açılması nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB