Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir. SİA-nın xəbərinə görə, ikinci mərhələdə namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. İmtahan yalnız Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında və Naxçıvan şəhərində bir binada təşkil olunur.

Ümumilikdə isə rezidenturaya qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə biliklərinin yoxlandığı birinci mərhələ ötən gün baş tutub. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər. İmtahanın nəticələri imtahan bitdikdən sonra elan olunacaq.

Qeyd edək ki, bu il rezidenturaya qəbul imtahanında iştirak etmək üçün 1121 nəfər elektron ərizə doldurub təsdiq edib. Onlardan 842 nəfəri qız, 279 nəfəri isə oğlanlardır. Bu il rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 514-dür.

Bütün xəbərlər Facebook səhifəmizdə