TQDK sədrindən abituriyentlərə sərt mesaj

TQDK sədrindən abituriyentlərə sərt mesaj

"Dövlət sifarişli ixtisaslar üzrə təhsil almaq istəyən şəxslər Azərbaycan iqtisadiyyatı üçün lazım olan ixtisasları seçməlidirlər. Amma gənclər bəzi ixtisaslar üzrə bəzi sahələr üzrə dövlət sifarişli yerlərdə təhsil almağa maraq göstərmirlər". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. TQDK sədri bu məsələ ilə bağlı hazırda orta məktəblərdə təhsil alan gələcək abituriyentlərə müraciət edib. M.Abbaszadə bildirib ki, abituriyentlərin maraq göstərmədiyi sahələrə isə daha çox kənd təsərrüfatı, aqrokimya, zootexniklik, baytarlıq, aqromühəndislik və digərləridir. Onun sözlərinə görə, növbəti tədris illəri üçün dövlət sifarişli yerlərin sayı bir qədər artırılıb: "Dövlət sifarişli yerlərin sayını artırmaqla biz gənclərin dövlət hesabına təhsil alması imkanları genişləndirilir. Məsələn dövlət sifarişli yerlərin siyahısında torpaqşünaslıq və aqrokimyaya 31 yer ayrılıb, amma 24 nəfər qəbul olub. Aqronomluğa 24 yer ayrılsa da cəmi 4 nəfər, zootexnik ixtisasına 23 yer ayrılmışdısa 2 nəfər qəbul olunub".

Komissiya sədri qeyd edib ki, gənclər Azərbaycan üçün gərəkli ixtisaslar üzrə təhsil ala biləcəkləri təqdirdə özlərinə iş də tapa biləcəklər. Onun sözlərinə görə, amma həmin ixtisaslar üzrə azərbaycanlı tələbə təhsil almasa, onda bu sahələr üzrə işləmək üçün ölkəyə xaricdən mütəxəssis dəvət ediləcək.

TQDK sədri qeyd edib ki, çox zaman şəhərdə yaşayan insanlar kənd təsərrüfatı və aqrosektoru seçmək istəmirlər: "Amma onlar mütəxəssis olsalar şəhər yerində də aqrosektor üzrə iş tapa bilərlər. Şəhərdə təhsil alan şagirdlər də gələcəkdə kənd təsərrüfatı sahəsi üzrə ali təhsil ala və işləyə bilərlər. Buna görə də valideynlər övladlarının ixtisas seçiminə çox diqqətlə yanaşmalıdırlar. O əlavə edib ki, hazırda müəyyən ixtisaslar üzrə təhsil alanlar təhsillərini bitirdikdən sonra işsiz qala bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə