Kitabçalar paylandı

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda, Nəqliyyat və Xüsusi texnika İdarəsində iki aylıq "Yay təcrübəsi"ni başa vurmuş ali məktəb tələbələri və məzunlarla görüş keçirilib. Birlikdən SİA-ya verilən məlumata görə, Bakı Dövlət Universitetinin, Neft Akademiyasının və Qafqaz Universitetinin mühəndis-texnoloq, iqtisadçı və ekoloq kimi çalışmaqla ali məktəbdə aldıqları elmi-texniki bilikləri təcrübədə daha da təkmilləşdirmiş və genişləndirmiş tələbə və məzunları görüşdə çıxış ediblər. Yay təcrübəsinin əhəmiyyətindən, yaradılmış əlverişli iş və məişət şəraitindən danışan tələbələr kimyaçılar kollektivinə minnətdarlıqlarını bildiriblər. Tələbələrin təcrübə rəhbərləri gənclərin iş zamanı yaxşı bilik, kimya istehsalatına böyük maraq və həvəs göstərdiklərini qeyd edib. Bildirilib ki, onlar gələcəkdə kimya istehsalatında uğurla çalışmağa qadirdirlər. "Yay təcrübəsi" başa çatmış tələbələrin hər birinə iki aylıq maaş, xatirə hədiyyələri və əmək fəaliyyətlərinin məhz "Azərikimya" müəssisələrində başladığını təsdiq edən ilk əmək kitabçaları təqdim edilib. Gənc kimyaçılar ali təhsillərini başa vurduqdan sonra mütəxəssis kimi "Azərikimya" İB-də çalışacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə