Qusar rayonunda yeni tədris ili ərəfəsində növbəti təhsil konfransı keçirilib. SİA-nın Şimal bölgə müxbirinin verdiyi xəbərə görə, konfransda təhsil naziri Misir Mərdanov da iştirak edib. İclasda çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev bildirib ki, yeni tədris ili Qusar rayonu üçün çox əlamətdar il olacaq. Çünki məhz bu tədris ilində ilk dəfə olaraq 8 yeni məktəb istifadəyə veriləcək. O vurğulayıb ki, ötən ildə rayonun Gedəzeyxur, Gican, Əcəxür, Əniğ, Urva, Cağarqışlaq, Yuxarı Kalunxür və Ləyərqışlaq kəndlərində yeni məktəb binalarının tikintisinə başlanıb. Rayon təhsil şöbəsinin müdiri qeyd etdi ki, Qusar rayonunda 49 tam orta, 21 ümumi orta və 20 ibtidai olmaqla 90 ümumtəhsil məktəbi, 4 məktəbdən kənar, 13 məktəbəqədər tədris müəssisəsi fəaliyyət göstərir. Rayonun ümumtəhsil müəssisələrində 14289 şagird təhsil alır. Bu günə qədər Qusar rayonu ərazisində 18 yeni məktəb binası inşa olunub ki, bu da çox yüksək göstəricidir. Qusar şəhər 4 və 5 saylı, İmamqulukənd, Gündüzqala, Köhnə Xudat, Avaran, Böyük Muruq, Xuray, Yuxarı Ləyər, Aşağı Ləyər, Qalacıq, Suvacal, Əvəcuq, Xürel, Yuxarı Zeyxur, Balaqusar, Kirig və Kuzun (Aladaş) məktəbləri, 5 məktəb- şəhər 1, 3 və 6 Salı, Samur və Hil kənd məktəbləri əsaslı şəkildə təmir edilib. 2011-ci ildə ilin ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsində iştirak edən Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbi yaxşı nəticələrinə görə müsabiqənin qalibi olub və ölkə prezidentinin 28 iyun 2011-ci il tarixli sərəncamı ilə 10 min manat pul mükafatı ilə mükafatlandırılıb. Sonra ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr mükafanlandırıldı.
İclasda çıxış edən təhsil naziri Misir Mərdanov isə prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından danışaraq ötən dərs ilində təhsil sahəsində görülmüş işlərdən söz açıb, növbəti tədris ilinin də uğurlu olacağına inamını ifadə edib. Yeni tədris ilində müəllimlərin məsuliyyətinin artdığını qeyd edən nazir vurğulayıb ki, dövlət büdcəsindən təhsil sisteminə ayrılan vəsaitlərin ilbəil artmasını ölkə Prezidentinin təhsil sahəsinə olan daimi qayğısı kimi səciyyələndirilməlidir. Misir Mərdanov dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq yaxın gələcəkdə bütün ümumi təhsil müəssisələrinin təmir olunması, yeni avadanlıqlarla təmin edilməsi və mövcud tələbata uyğunlaşdırılması məsələlərinin həllini tapacağını bildirib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB