Tovuz rayonunda təhsil işçilərinin konfransı keçirilib. Ötən tədris ilində Tovuz rayon təhsil işçilərinin uğurları yüksək qiymətləndirilib. SİA-nın xəbərinə görə, konfransda 2011-2012-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məruzə dinlənilmişdir. Məruzədə bildirilib ki, bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından 527-si ali, 84-ü isə orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbul olunanların 73-ü 500-dən, 18-i 600-dən, 167-si isə 400-dən artıq bal toplamışdır. Məzunların 44 nəfəri ali hərbi məktəblərdə, 35-i isə C.Naxçıvanski adına hərbi liseydə və hərbi tibb məktəbində təhsil alacaq.
Cari ildə buraxılış imtahanlarının nəticələrinə görə 7 məzun qızıl medalla təltif olunub. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində xidmətləri xüsusi qeyd edilib. Bildirilib ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində son illər rayonda üç məktəb binası istifadəyə verilib. Bundan əlavə, dövlət vəsaiti hesabına 6 min 772 şagird yerlik 18 məktəb binası inşa olunub.
Məlumat verilib ki, artıq 2 min 616 şagird yerlik 6 yeni məktəb binasının tikintisi başa çatmışdır və yeni dərs ilində istifadəyə veriləcək. Tədbirdə rayon icra hakimiyyətinin, Təhsil Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatı İlyas İsmayılov çıxış edərək müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər.
Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva sevindirici hal kimi bildirib ki, Tovuz rayonunda təhsil sahəsində olan göstəricilər hər il artır. Millət vəkili ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını yaxşı hal kimi qiymətləndirib.
Millət vəkili Qənirə Paşayeva bu il Tovuz rayonundan 79 nəfərin ali hərbi məktəblərə daxil olmasını yüksək qiymətləndirib və bildirib ki, ölkə üzrə rayonlar arasında ən çox hərbi məktəblərə daxil olanların sayına görə Tovuzun ön sırada olması onu çox məmnun edir. "Hər il Tovuz rayonundan hərbi məktəblərə daxil olan gənclərin sayının artması çox önəmli göctəricidir. Tovuz rayonundan hər il nəinki hərbi məktəblərə daxil olanların sayı, həm də onların bal göstəricilərinin artması bizim üçün çox önəmlidir. Bizim ordumuzun peşəkar, ali təhsilli kadrlara böyük ehtiyac vardır. Ona görə də hərbi məktəblərə üz tutan gənclərimiz orta məktəbləri ən yaxşı nəticələr ilə qurtaran gənclərimiz arasından olmalıdır. Mən inanıram ki, gələcəkdə Tovuzdan ali hərbi məktəblərə daxil olanların həm say, həm də keyfiyyət göstəriciləri daha da artacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB