Təhsil Nazirliyi açıqlama yayıb

Təhsil Nazirliyi 2012-2013-cü dərs ilində ümumtəhsil məktəblərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, işə qəbul elektron ərizə, elektron imtahan, elektron yerləşdirmə tətbiq olunmaqla həyata keçirilir. İyul ayının 1-dən Təhsil Nazirliyinin rəsmi İnternet saytında müsabiqədə iştirak üçün elektron ərizələrin qəbulu başlanıb və 15 iyulda ərizə qəbulu başa çatıb. Müsabiqənin ikinci mərhələsi olan test imtahanları 23 iyul tarixdən başlanıb və 28 avqust tarixdə yekunlaşıb.

İmtahanların nəticələri, eləcə də keçirilmiş müsabiqənin nəticələri, həmçinin müsabiqənin keçirilməsinə dair reqlamentləşdirici sənədlər Təhsil Nazirliyinin rəsmi internet saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində yerləşdirilib. İmtahanda hər namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə məktəb proqramı əsasında tərtib edilmiş test tapşırığı verilir, suallar cavablandırılıb başa çatdıqdan dərhal sonra monitorda düzgün cavablar göstərilir və nəticə bazada qeydə alınır.

Müsabiqənin 3-cü mərhələsinə buraxılmış namizədlər "Şəxsi səhifə"də qeyd olunan tarixdə sənədlərini təsdiqlənmək və müsahibədən keçmək üçün müsabiqə komissiyasına təqdim edirlər. Sənədlər müsabiqə komissiyası tərəfindən ekspertizadan keçirilir və işə qəbul olunanların sənədləri əmək müqaviləsinin bağlanması üçün yerlərə göndərilir. Müsabiqədə iştirak üçün 16195 nəfər elektron ərizə verib, onlardan 15467 nəfəri imtahana buraxılıb. 728 nəfərin ərizəsi ixtisas uyğunsuzluğuna görə ləğv edilib. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə görə 2 mindən çox müəllim işə qəbul edilib. Nəticələrdən şikayət edən olmayıb.

Müsabiqənin nəticəsindən narazı olanlar Təhsil Nazirliyində fəaliyyət göstərən apelyasiya komissiyasına müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə