ARDNŞ-ın yeni yaradılan Bakı Ali Neft Məktəbinə abituriyentlər yüksək maraq göstəriblər. SİA-nın verdiyi xəbərə görə, bunu keçirdiyi mətbuat konfransında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib. O qeyd edib ki, respublika üzrə I qrupda test imtahanlarında 600-dən çox bal toplayan 234 abituriyentin 115-i BANM-nə qəbul olub. Ümumiyyətlə ali məktəb üzrə elan edilən hər müsabiqə yerinə 13 abituriyent ərizə verib. Qəbul olanlardan 23-ü rus, 98-i Azərbaycan bölməsinin tələbələridir. Tələbələr içərisində 31 nəfər qız var.
Onun sözlərinə görə, orta məktəbi medalla bitirən 138 nəfərdən 11-i bu məktəbin tələbəsi adına layiq görülüb. Dövlət sifarişi ilə "Neft-qaz mühəndisliyi" ixtisası üzrə elan edilən 45 yerin 44-nü, "Kimya mühəndisliyi" ixtisasi üzrə 52 yerin hamısını BANM-nin tələbələri qazanıb. Ali məktəbə daxil olanların sırasında Bakı-(78 nəfər), Sumqayıt (8 nəfər), Naxçıvan (6 nəfər) şəhərlərinin və bir çox rayonların (Şirvan-4, Ağdaş-3, Quba-2) məktəb və liseylərin məzunları olub. I qrup üzrə 690 bal toplayan 2 nəfərdən biri Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən olan Rəhimov Rza "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olub. 10 tələbə akademik Zərifə Əliyeva adına liseyin, 9 tələbə Bakı-türk liseyinin, 4 tələbə Bakı-Avropa liseyinin, 4 tələbə Sumqayıt təbiət elmləri təmayüllü gimnaziyanın, 3 nəfər Bakıdakı 132-134 nömrəli təhsil komplekslərinin məzunlarıdır.
E.Qasımov deyib ki, ali məktəbə qəbul olan tələbələrlə aparılan ilk müsahibələr nəticəsində onların bir çoxunun hərtərəfli istedada malik gənclər olduğu aşkarlanıb. O ali məktəbə qəbul kompaniyasının uğurla başa çatdığını qeyd edib, təhsil ocağında tədris prosesinə hazırlığın son mərhələdə olduğunu vurğulayıb.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB