TQDK-nın növbəti şansı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəzi abituriyentlərə növbəti şans verib. TQDK-nın mətbuat katibi Elnur Nağızadə SİA-ya açıqlamasında deyib ki, ali məktəblərə daxil olan tələbələrə təhsil müəssisəsində qeydiyyatdan keçmək üçün əlavə vaxt verilib. Lakin bu əlavə vaxt ali məktəblərə daxil olan və qeydiyyatdan keçməyən bütün abituriyentlərə verilməyib.

"Əsasən ali məktəblərin ödənişli ixtisaslarına qəbul olanların təhsil haqqının ödənilməsi ilə bağlı problemləri olub. Avqustun 23-dən 31-dək üzrlü səbəblərdən qeydiyyatdan keçə bilməyən abituriyentlər bu barədə rəsmi şəkildə TQDK-ya məlumat verib. Həmin şəxslər hələ qeydiyyat zamanı bizə ərizə ilə müraciət ediblər. Bildiriblər ki, bizim belə problemimiz var, qeydiyyat üçün bizə əlavə vaxt verin. Biz də yalnız həmin müddətdə müraciət edənlərə qeydiyyat üçün əlavə vaxt vermişik. Beləliklə, həmin abituriyentlər sentyabrın 5-dək daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçməlidir" , - deyə E.Nağızadə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə