93 yaşlı təhsil ocağı

Bu gün Bakı Dövlət Universitetinin yaranmasından 93 il ötür. SİA-nın xəbərinə görə, Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub. Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. Universitet ilk tədris ilini 2 fakültə ilə–tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub.

Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir. Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olub. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil alıblar. Hazırda Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır. Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir. Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.

Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır. Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulub. Təhsil ödənişli və ödənişsiz əsaslardadır. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir. Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman – sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.

Bütün xəbərlər Facebook səhifəmizdə