Doktoranturaya hansı sənədlər tələb olunur?

Doktoranturaya hansı sənədlər tələb olunur?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2012-ci il üçün AMEA və respublikanın digər elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulunda hansı sənədlərin tələb olunduğunu açıqlayıb. SİA-nın xəbərinə görə, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan, ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim mütəxəssis olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya qəbul üçün doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və ya təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi qeydiyyat vərəqi, tərcümeyi-hal, iş yerindən xasiyyətnamə, 3 ədəd fotoşəkil, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) və şəxsiyyəti təsdiq edən sənədin surəti lazımdır.

Doktoranturaya sənədlər sentyabrın 1-dən 30-dək qəbul ediləcək. Qəbul imtahanları oktyabr ayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə