Çin səfiri ADU-da

2012-2013-cü tədris ilində ADU-da Çinşünaslıq ixtisası açılıb.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Honq Fiuyini qəbul etdi. ADU-dan SİA-ya verilən məlumata görə, görüşdə ADU-da çinşünaslıq ixtisasının açılması, habelə bu ali təhsil ocağında Çin mədəniyyəti və dil mərkəzinin yaradılması, həmçinin gələcəkdə müəllim-tələbə mübadiləsi haqda fikir mübadiləsi aparılıb.

Rektor Səməd Seyidov səfiri universitetdə görməkdən məmnunluğunu dilə gətirib. O, Dillər Universiteti olaraq Çinin Azərbaycandakı səfirliyi ilə əməkdaşlığa xüsusi yer verdiyini bildirib. Səməd Seyidov qarşılıqlı əlaqələrin mövcudluğundan söz açaraq qarşıdan gələn yeni tədris ilinin əvvəlində bu görüşün universitet üçün əhəmiyyətli olduğunu vurğulayıb. Rektor 2012-2013-cü yeni tədris ilində ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Çinşünaslıq ixtisası üzrə tələbələrin qəbul olunduğunu səfirin diqqətinə çatdırıb. Rektor Səməd Seyidov bu ixtisas üzrə ADU-da təhsil alacaq 10 nəfər tələbənin siyahısını səfirə təqdim edib. Səməd Seyidov həmin tələbələrin universitetə yüksək balla daxil olduqlarını vurğulayıb. O, çinşünaslıq ixtisasında təhsil alacaq tələbələrin Çin dili ilə yanaşı, ölkənin tarixi və mədəniyyətini dərindən öyrənəcəklərini bildirib.

Səfir ADU-da Çin mədəniyyəti və dil mərkəzinin açılmasının əlaqələrin inkişafı üçün böyük və vacib layihə olduğunu bildirib. O, ADU-da Çin dilinin tədrisinin aparılmasını yüksək qiymətləndirib. Müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlığını vacib sayan səfir bu yeni tədris ilində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisasının açılmasından məmnun olduğunu bir daha önə çəkib.

Görüşdən sonra səfir Honq Fiuyin Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə