Nazirlə səfirin müzakirəsi!

Təhsil naziri Misir Mərdanov Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev ilə görüşüb. SİA-nın xəbərinə görə, Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Nazir mövcud əlaqələrin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu vurğulayıb.

Özbəkistanın qarşılıqlı münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyən səfir ölkəsinin Azərbaycana hərtərəfli əlaqələr qurmağa xüsusi önəm verdiyini nəzərə çatdırıb. Şerzod Fayziyev Özbəkistanla Azərbaycan arasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Ortaq dəyərləri paylaşan ölkələrimizin münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inandığını bildirən nazir təhsil sahəsində əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə