Dilçiliyin inkişafı üçün nəzərdə tutulan Yeniliklər - MÜSAHİBƏ

Dilçiliyin inkişafı üçün nəzərdə tutulan Yeniliklər - MÜSAHİBƏ

Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəllinin SİA-ya müsahibəsi

Xəbər verdiyimiz kimi, bu günlərdə ölkə başçısı İlham Əliyev Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələrək bir sıra dövlət qurumlarına müəyyən tapşırıqlar verilib. Həmin sərəncamda əsas aparıcı qurum kimi Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutudur. Dövlət Proqramının hazırlanması üçün qısa zaman ərzində akademik Kamal Abdullayevin rəhbərliyi ilə işçi qrup yaradılıb. Bu qrup 1 ay ərzində ictimaiyyət, KİV nümayəndələri, deputatlarla görüşlər keçirib və müxtəlif bölmələr üzrə birgə müzakirələr apararaq təkliflər planı hazırlayıb. İşçi qrupu artıq proqramı hazırlayaraq ölkədəki tanınmış ziyalılara, ictiamiyyət nümayəndələrinə təqdim edib. Bütün təkliflər nəzərə alındıqdan sonra bir daha yekunlaşdırılacaq və proqram son variantda Nazirlər Kabinetinə təqdim olunacaq. Dövlət Proqramında hansı məsələlərin və yeniliklərin nəzərdə tutulması barədə Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli ilə söhbətləşdik. Fəxrəddin Veysəlli SİA-ya müsahibəsində bütün məsələlər barədə ətraflı məlumat verib.

- Azərbaycan dilinin inkişafı ilə bağlı vəziyyət bu gün hansı səviyyədədir və bu sahədəki problemlərin qarşısını almaq üçün mövcud proqram kifayət edəcəkmi?

- Ölkədə Azərbaycan dilinin işlənməsi ilə bağlı problemlər çoxdur. Radio-televiziya verilişləri, mətbuat və digər yerlərdə Azərbaycan dilinin normasının pozulması hallarına rast gəlinir. İndi bu problemləri aradan qaldırmaq üçün hazırlanan dövlət proqramına Azərbaycan dilinin xaricdə işlənməsi, ölkənin müxtəlif sahələrində dilin işlənməsi və digər məsələlər öz əksini tapıb. Azərbaycan dilinin normasının pozulması ilə bağlı hər addımda problemlə qarşılaşırıq və onları aradan qaldırmaq lazımdır. Onları aradan qaldırmaq üçün ciddi tədbirlər planı işlənib hazırlanmalıdır. Dilçilik İnstitutu bu və ya digər problemlər üzərində işləyir. Yəqin ki, proqram təsdiq olunduqdan sonra institutda struktur dəyişiklikləri ilə bağlı müəyyən tədbirlər görüləcək. Ölkə başçısının sərəncamı ilə instituta ayrılan 6 milyon manatlıq əlavə vəsait də maddi-texniki bazanın gücləndirilməsinə xidmət edəcək.

- Yeni təkliflərdə göstərilənlərə əsasən, Azərbaycan mətbuatı hansı şərtlərlə üzləşəcək?

- Yeni təkliflərə əsasən, müəyyən bir Məsləhət Şurası və ya nəzarətedici qurumun yaradılması nəzərdə tutulur. Ola bilsin ki, ayrı-ayrı kanallarda dilçi ştatı yaradılacaq ki, verilişlərin dil baxımından düzgün qurulmasına nəzarət etsin. Bu senzura xarakteri daşımır, amma hər halda dilin işlənməsi, incə, gözəl səslənməsi ilə bağlı bir sıra tədbirlərə nəzarət edəcək.

- Bu gün reklamlardakı mövcud problemlərin həlli ilə bağlı hansı işlər görüləcək?

- Reklamlarda, küçə və meydanlarda Azərbaycan dilinin işlənməsi ilə bağlı çoxlu problemlər var. Yeni tələblərə cavab verən orfoqrafiya, orfofeniya və digər lüğətlər hazırlanmalıdır. Bunların hamısı böyük tədqiqatların nəticəsində yaradılmalıdır. Bizim bu gün mövcud olan orfoqrafiya lüğətində elmi cəhətdən öz həllini tapmayan problemlər var. Ona görə də bunların hamısı birgə müzakirə olunmalı, sonradan isə paket şəklində təklif olunmaldır. Ola bilsin ki, Bakı şəhər İcra Hakimiyyətinin nəzdində Qaynar xətt yaradılsın və küçə, yer adları reklamlarında olan yalnış yazılarla bağlı müraciətlər ora daxil olsun.

- Bu gün Dilçilik İnstitutunün özündə sərəncamdan irəli gələn məsələlərin həll edilməsi dilçilik sahəsində hansı dönüş yaradacaq?

- Azərbaycan dilinin inkikşafı onun xalqından asılıdır. Bu dilin sahibi xalqdır və onu da yaşatmalıdır. Azərbaycan dili kifayət qədər zəngin bir dildir. Dünya dilləri içərisində bu dildə danışanların sayına görə Azərbaycan 6500 dilin içərisində 20-ci yerdədir. Deməli, bu dil mühüm əhəmiyyətə malik olan bir dildir. Bu dildə yaradılan əsərlər var və bunu sadəliklə məhv etmək mümkün deyil. Zəngin və keçmişi olan bir dildir. Ona görə də qloballaşma bütün sahələrə hücum edir. Bəziləri deyir ki, gələn sözlərə qarşı purizmlə-dilin təmizliyi uğrunda mübarizə ilə məşğul olmalıyıq. Bu arxada qalan söhbətdir. Biz purizm hərəkatına qoşulmamalıyıq. Sadəcə olaraq xarici sözləri dilimizə elə gətirməliyik ki, onlar bizim dilimizdə vətəndşlıq hüququ qaznaraq işləsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə